20 Noyabr – Ağdam Şəhəri Günüdür FOTO
Gün ərzində davam edəcək silsilə tədbirlər qala-konsert proqramı və atəşfəşanlıqla yekunlaşacaq
Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq ki,1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Rayon uğrunda erməni işğalçılarına qarşı 5 ildən artıq gedən döyüşlərdə 5 min 897 nəfər şəhid olub, 3 min 531 nəfər yaralanıb. İşğal dövründə rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdam işğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə ən böyük rayondur. Rayonun inzibati ərazisinə 1 şəhər, 14 qəsəbə, 123 kənd daxildir. Rayon mərkəzi Qarqar çayından 3 kilometr məsafədə - Qarabağ düzünün cənub-şərqində yerləşir. İşğaldan əvvəl Ağdamın 143 min nəfər əhalisi olub. Rayonun işğal edilmiş ərazisində 38 kolxoz və sovxoz, 24 tikinti təşkilatı, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 99 klub olub. Qədim tarixə malik Qarağacı qəbiristanlığı, Xocalı soyqırımı qurbanlarının da dəfn edildiyi I və II Şəhidlər xiyabanları erməni vəhşiliyinə məruz qalıb.
Tarixən Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metiz-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və digər sosial, mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Ağdam rayonunun ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
“Qafqazın Xirosiması” həyata qayıdır
Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 27 ildən artıq dövrdə rayon ərazisində daş üstündə daş qalmayıb. Bir vaxtlar gözəlliyi, füsunkarlığı ilə göz oxşayan Qarabağın baş qapısı sayılan Ağdam ölü şəhəri xatırladırdı. Təsadüfi deyil ki, bir sıra mətbuat səhifələrində onu obrazlı olaraq “Qafqazın Xirosiması”, “Ruhlar şəhəri” adlandırmışdılar.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumuna qarşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq göstərdilər. Onların misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində düşmən işğalı altında olan torpaqlarımız azad edilərək əzəli və əbədi sahibinə qaytarıldı. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi.
***
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə silsilə tədbirlərə start verilib.
Ağdam Şəhəri Günü Qarabağ atlarının şəhər küçələrindən İmarət Kompleksinə doğru yürüşü ilə başlayıb. Sakinlər və qonaqlar yürüşü sevinc, qürur hissi və maraqla izləyərək alqışlayıblar.

Gün ərzində İmarət Kompleksində təşkil olunan yarmarkada yerli istehsalçılar və sahibkarlar tərəfindən müxtəlif məhsullar təqdim ediləcək. İmarət Kompleksində, həmçinin Qarabağ atlarının şousu, DJ çıxışı, maskotların iştirakı, “Qarabağ mətbəxinə dad səyahəti” və canlı milli musiqi proqramı da nəzərdə tutulub.


Ağdam Şəhəri Günü münasibətilə Muğam Mərkəzində incəsənət sərgisi və rəsm üzrə ustad dərsləri, minikonsert proqramı və Ağdam şəhəri haqqında sənədli film, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə “Göyçək Fatma” tamaşası nümayiş olunacaq.
Gün ərzində davam edəcək silsilə tədbirlər qala-konsert proqramı və atəşfəşanlıqla yekunlaşacaq.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
5 dəqiqə