2025-ci il üçün neft qiyməti ilə bağlı proqnoz açıqlanıb
Proqnozu “Fitch Ratings” beynəlxalq reytinq agentliyi verib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün neft qiyməti ilə bağlı baza proqnozunu yenidən bir barel üçün 70 dollar müəyyən edib.
Bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Agentlik 2026-2027-ci illər üçün Brent neftinin qiymətini bir barel üzrə 65 dollar, 2028-ci il və ortamüddətli dövr üzrə 60 dollar proqnozlaşdırıb. Başqa sözlə, proqnoz dəyişilməz saxlanılıb.
WTI markalı neftin qiyməti isə bu il üzrə 65 dollar, 2026-2027-ci illər üzrə 60 dollar, 2028-ci il və orta müddətli dövr üzrə 57 dollar proqnozlaşdırılıb.
"Fitch" 2025 və 2026-cı illərdə qlobal neft tələbinin gündəlik 700–800 min barel artacağını gözləyir. Qeyd edilib ki, bu da daha aşağı iqtisadi artım və enerji keçidi ilə bağlıdır.
Reytinq agentliyi bildirilib ki, Beynəlxalq Enerji Agentliyi 2025-ci ildə qlobal təklifin 2,5 milyon barel, 2026-cı ildə isə 1,9 milyon barel artacağını proqnozlaşdırır. Artım əsasən OPEC+ tərəfindən könüllü ixtisarların ləğvi, eləcə də Braziliya, Kanada və ABŞ-da hasilatın genişlənməsi hesabına olacaq. 2025 və 2026-cı illərdə hasilat artımı tələbi gündəlik 1 milyon bareldən çox üstələyəcək və bazarda izafi təklif davam edəcək.
"Rusiya və İran neftinə qarşı əlavə sanksiyalar və tariflər qiymətlərə risk əlavəsi gətirsə də, bazarı ciddi daraltmayacaq. Çünki Rusiya həcmləri hələ də artıqlıq olan bazara satılır. Aİ Rusiyaya qarşı əlavə sanksiya paketi qəbul edərək neft qiymət limitini 60 ABŞ dollarından 47,6 dollara endirib və Rusiya neftindən alınan emal olunmuş məhsulların idxalını məhdudlaşdırıb. ABŞ isə Hindistanın Rusiya nefti alması səbəbindən ölkədən idxala əlavə 25%-lik tarif tətbiq edib və İran neftinin daşınması ilə bağlı bir sıra gəmiçilik şirkətləri və gəmilərə sanksiya qoyub"- "Fitch" əlavə edib.