2026-cı ilə qədər Cəbrayılda 12 yaşayış məntəqəsi salınacaq
Bu barədə Prezidentin xüsusi nümayəndəsi ilə görüşdə bəlli olub
2026-cı ilə qədər Cəbrayıl şəhəri, Xudafərin qəsəbəsi və daha 10 kənd tikilib əhalinin ixtiyarına veriləcək. Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin Cəbrayıl rayon ictimaiyyəti ilə görüşündə bildirilib.
Görüşdə o da qeyd edilib ki, həmin yaşayış məntəqələri tikiləndən sonra - 2026-cı ilə qədər 11213 nəfər cəbrayıllı məcburi köçkünün dogma torpaqlara köçürülməsi nəzərdə tutulub.
Görüşdə o da məlum olub ki, bu ildən Cəbrayıl camaatına dogma torpaqlara getməyə icazə veriləcək. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev onu da deyib ki, Cəbrayıl sakinlərinə dogma torpaqlardakı qəbiristanlıqlara gedib əzizlərinin məzarlarını ziyarət etməyə şərait yaradılacaq.
Hazırda bu məsələ ilə əlaqədar müvafiq işin getdiyi vurğulanıb. O da qeyd olunub ki, Novruz bayramına qədər Cəbrayıla avtobus turları açılacaq.