25 erməni Qarabağdan qohumlarına videozəng edib
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatında bildirilib
Sentyabr-oktyabr aylarında Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə Qarabağdan Ermənistana 220 nəfərin cəsədi aparılıb ki, onların arasında Xankəndidəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın qurbanları da var.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan ofisinin (BQXK) məlumatında bildirilib.
“Biz yaralıların və tibbi yardım alanların təxliyəsini, həmçinin ailələrin birləşdirilməsini və qalıqlarla ləyaqətlə rəftar edilməsini dəstəklədik”, - məlumatda qeyd edilib.
Bildirilib ki, həmin müddət ərzində Ermənistana 124 yaralı və tibbi xəstə köçürülüb.
Təxminən 2500 nəfər BQXK-nın ofisinə zəng vurub və ya ziyarət edib, itkin düşmüş qohumunu axtarıb və məlumat istəyib.
“Qarabağda 25 nəfər Ermənistandakı və digər ölkələrdəki qohumları ilə videozənglər və telefon zəngləri vasitəsilə əlaqə saxlaya bilib”, - BQXK-dan bildirilib.