3 ildə Qarabağ və Şərqi Zəngəzura 100 min adam qayıdacaq
Bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib
Qarşıdakı üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir.
Bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir. Ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarına qayıtması gözlənilir”, - səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb. Səfir qeyd edib ki, son üç ildə bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılıb. “Bu günə qədər ölkə büdcəsindən bu məqsədlər üçün böyük maliyyə vəsaiti ayrılıb. Bu, dövlətin öz maliyyə resursları hesabına həyata keçirdiyi münaqişədən sonrakı sürətli yenidənqurmanın unikal və misilsiz modelidir", - deyə diplomat vurğulayıb.