XƏBƏRLƏR / Neft və Qaz

30-cu Yubiley “Baku Energy Week" başa çatdı

Sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edib

30-cu Yubiley “Baku Energy Week" başa çatdı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün Bakıda sayca 30-cu “Baku Energy Week” başa çatıb.

    İlk iki gündə olduğu kimi bu gün də sərgiyə maraq kifayət qədər böyük olub.

    Belə ki, səhər saatlarından etibarən iştirakçılar fərqli stendlərə baş vuraraq yerindəcə enerji sektoru üzrə yerli və xarici şirkətlərin təqdim etdiyi müxtəlif məhsullarla tanış olmaq və ortaq fəaliyyət göstərmək fürsəti əldə ediblər.

    Sərgi çərçivəsində keçiriləcək panel müzakirələrin mövzusu da kifayət qədər zəngin olub. "İnnovativ texnologiyalar və onların enerji sahəsinə təsiri", "Enerjinin səsi", "Şəxsi brendin vasitəsilə karyera yüksəlişi", "Təcrübə mübadiləsi: Gənc istedadları cəlb etmək və inkişaf etdirmək üçün ən yaxşı HR təcrübələri" gündəlikdə olan panel müzakirələrin mövzulardır.

    Qeyd edək ki, “Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.

    Bu il “Baku Energy Week” 39 ölkədən 267 şirkəti qəbul edir. Ölkələr arasında Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edib.

    Sərgi iştirakçılarının təxminən 70%-ni xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edib.