30 il işğalçı qüvvələr bizə bura qayıtmağa imkan vermirdi
Bunu İlham Əliyev Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumununda söyləyib
Bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
“Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident vurğulayıb ki, bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.
Prezident qeyd edib ki, artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq.
“...Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər”.
İlham Əliyev vurğulayıb ki, indiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.
Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.