43 il sonra İran və Misir aviaəlaqəni bərpa edir
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb
İran və Misir hakimiyyətləri avqust ayında iki ölkə arasında birbaşa aviauçuşları bərpa etmək niyyətindədir.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran Aviadaşıyıcılar və Turist Xidməti Assosiasiyası 45 gün sonra Tehran-Qahirə marşrutu ilə ilk təyyarənin uçacağını açıqlayıb.
Qeyd edək ki, İslam inqilabından sonra Misirin devrilən İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi ilə əlaqədar 1980-ci ildə Qahirə və Tehran arasında əlaqələr dayanıb. Misir və İsrail arasında sülh razılaşması da Qahirə-Tehran münasibətlərinə mənfi təsir göstərib. İki ölkə arasında münasibətlər yalnız 2010-cu ildən normallaşmağa başlayıb, ancaq indiyə qədər rəsmi münasibətlər bərpa olunmayıb.
Bu il mayın əvvəlində “Al-Araby Al-Jadeed” nəşri yazıb ki, Oman İran-Misir əlaqələrinin bərpası üçün vasitəçilik təşəbbüsü ilə çıxış edib. Mayın 21-də Oman sultanı Haysam Əl Said Qahirəyə səfər edib, Prezident Abdel Fəttah as-Sisi ilə görüşüb. Bir həftə sonra isə sultan İrana rəsmi səfər edib, Prezident İbrahim Rəisi ilə görüş keçirib. Mayın 30-da İbrahim Rəisinin Misirlə diplomatik əlaqələrin bərpası üçün Xarici İşlər Nazirliyinə tapşırıq verdiyi açıqlanıb.