Xankəndidə 7-ci ADA Siyasi Forumu keçirilir YENİLƏNİB / FOTO
Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər

17:38
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu baş tutub.
Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Forumun açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər.
Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.
İkinci panel “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub. Panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.
Forum iştirakçıları tədbirin Xankəndi şəhərində təşkilini Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoqa və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda, intellektual və mədəni inkişafına da fayda verir.
Tədbir yeni dünya nizamı çərçivəsində qlobal enerji təhlükəsizliyi, regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə edilməsi ilə bağlı müzakirələrlə davam edib.
Xarici qonaqlar Xankəndi şəhəri ilə tanış olduqdan sonra Bakıya yola düşüblər.
Forum işini aprelin 9-da Bakıda davam etdirəcək.
***
16:00
Əvvəllər, yəni Qarabağın işğalı dövründə vaxtaşırı ABŞ, Kanada və Çexiyadan olan siyasətçilərdən bizim reallıqla barışmalı olduğumuzla bağlı fikirlər eşidirdik. Lakin biz buna rəğmən ərazi bütövlüyümüzü bərpa etdik.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev aprelin 8-də Xankəndidə keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusunda paneldə çıxışında deyib.
Azərbaycanın mövcud problemləri barədə xaricdə müəyyən siyasətçilərlə danışıqlar apardıqlarını bildirən Fərid Şəfiyev əlavə edib: “Onlar bu işğal faktını qəbul etməyimizi tövsiyə edirdilər. Biz ərazi bütövlüyümüzü diplomatik yolla bərpa etmək üçün 30 ildən çox çalışdıq. Müvafiq ölkələrin siyasətçiləri ilə çox danışıqlar aparırdıq. Mən əsasən iki mesaj hiss edirdim. Biri belə idi ki, “sən orada olduğun reallıqla və bu vizual cəhdin təcrübəsi ilə barışmalısan”. Ancaq bəzi insanlardan aldığımız ikinci mesaj o idi ki, “siz həqiqətən saytınızı aça, istədiyinizi edə bilərsiniz, bunların heç bir nəticəsi olmayacaq”. Bunlara baxmayaraq, biz bunu bacardıq. Azərbaycan öz ərazilərini qaytardı. Amma hazırda bəzən bəzi siyasətçilərdən, xüsusən də Qərb siyasətçilərindən müxtəlif mesajlar eşidirik: “Bu, sülhün əldə edilməli olduğu yol deyildi” və sair. Lakin buna cavab olaraq siz bu gün Xankəndiyə gələndə erməni vandalizminin canlı şahidi kimi cavab verə bilərsiniz. Torpaqlarımızda erməni işğalının fəsadları göz qabağındadır. Siz digər əraziləri də görmüsünüz, o da ermənilərin yaşadığı ərazilər idi. Tam vandalizmə məruz qalmasa da bərbad, acınacaqlı vəziyyətdədir. Sual yaranır, torpaqdan istifadə etmədiyiniz halda niyə bu ərazini işğalda saxlayırdınız və iddia edirdiniz ki, guya bura sizin ərazidir, müqəddəs torpaqdır, tarixi torpaqdır”.
F.Şəfiyev qeyd edib ki, ölkəmizə və soydaşlarımıza qarşı müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən şəxslər hazırda Azərbaycanın qanunlarına uyğun mühakimə olunurlar, lakin dünyada buna qarşı münasibət birmənalı deyil: “Qarabağdakı hərbi korpusun keçmiş rəhbərliyi insanlıq əleyhinə cinayətlər daxil olmaqla, müxtəlif əməllərə görə mühakimə olunur. Lakin təəssüf ki, onların azadlığa buraxılması tələb olunur. Hətta BBC belə Ruben Vardanyanla bağlı xüsusi material hazırlayıb. Belə çağırışlar qəbuledilməzdir”.
***
15:02
Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.
Bunu Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan aprelin 8-də Xankəndidə keçirilən 7-ci ADA siyasi forumu çərçivəsində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusunda paneldə çıxışında deyib.
"Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini maraqlıdır. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək”,- deyə Çağrı Erhan vurğulayıb.
Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkə olduğunu diqqətə çatdıran Çağrı Erhan bildirib ki, Türkiyə Azərbaycanın bu istiqamətdəki siyasi gedişlərini dəstəkləyir.
***
14:57
Füzuli və Ağdam rayonlarında beş məktəb və uşaq bağçası inşa olunur.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.
Emin Hüseynov qeyd edib ki, Azərbaycan əraziləri işğal dövründə tamamilə dağıdılıb və məhv edilib. Lakin hazırda aparılan quruculuq işləri Qarabağın regionun mühüm iqtisadi mərkəzinə çevrilməsinə zəmin yaradacaq: “Biz azad edilmiş ərazilərdə ancaq xarabalıq görürük. Bəzi yerlərdə xarabalıq belə qalmayıb. Heç bir mədəni obyekt, toxunulmamış məscid qalmayıb, hətta ağac belə qoymayıblar. Hər şey talan edilib. Bütün bunlar onu sübut edir ki, yenidənqurma prosesi son dərəcə mürəkkəbdir. Hazırda Azərbaycan bir sıra regional infrastruktur layihələrini reallaşdırmaqda davam edir. Burada hava limanı inşa edilib, eyni zamanda, dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa, səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur. Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələr də var. Bunlar arasında Cümə məscidinin bərpasını qeyd etməliyəm. Bu məscid Ağdamda yerləşir və yeganə tikili idi ki, struktur baxımından salamat qalmışdı, amma başdan-başa təhqir edilmişdi, çünki bu məsciddə donuzlar və inəklər saxlanılmış, tövləyə çevrilmişdi”, - deyə E.Hüseynov əlavə edib.
***
13:00
Qarabağ Universitetində müasir, tədqiqata əsaslanan, innovasiya yönümlü və tələbə yönümlü təhsil modellərini inteqrasiya edirik. Ümidvarıq ki, gələcək məzunlarımız və indiki tələbələrimiz köhnə həyatlarını, işlərini tərk edərək bölgəmizdə mənalı dəyişikliklərə səbəb olacaqlar. Biz inanırıq ki, bu məqsədlərə çatmaq üçün Qarabağ Universitetində dünyasəviyyəli akademik mühit yaratmalıyıq. Əlbəttə ki, bunun asan bir iş olmadığını başa düşürük.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.
“İlk növbədə, biz innovasiyaları təşviq etməklə rəqəmsal inkişafı sürətləndirməyə çalışacağıq. Sonra biz akademikləri, tələbələri, tədqiqatçıları, biznes ictimaiyyətinin üzvlərini, təcrübəçiləri, əməkdaşları və başqalarını bir araya gətirmək üçün əlimizdən gələni edəcəyik. Biz startapları, biznes layihələrini və texnologiyaya əsaslanan təşəbbüsləri dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq. Bu bölgəyə qayıdan insanlara ilkin mərhələdə çox vacib olan mentorluq, məsləhət və texniki dəstək xidmətləri təklif edəcəyik”, - deyə Şahin Bayramov bildirib.
Şahin Bayramov onu da əlabə edib ki, Xocalıda kənd təsərrüfatı məktəbi, Şuşada isə turizm və incəsənət sahəsində təhsil ocaqlarının fəaliyyətə başlaması nəzərdə tutulub.
***
12:54
Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 gün günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetdəyik. Bundan yaxşı nə ola bilər. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox B
Bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.
Hafiz Paşayev qeyd edib ki, bu konfrans iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizim üçün çox önəmli gündür. Bu Forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına çox sevincliyəm”, - deyən rektor vurğulayıb ki, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Bu amil iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir.
***
11:23
Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Yeni Dünya Nizamına Doğru" mövzusunda keçiriləcək 7-ci ADA Siyasi Forumunun iştirakçılarını gətirən avtobuslar Xankəndi şəhərinə çatıb.
Qonaqlar Qarabağ Universitetinə gəliblər.
Xatırladaq ki, forumun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin moderatorluq edəcəyi birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə ediləcək.
“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusundakı ikinci panelin moderatoru isə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə olacaq.
Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək.
Qeyd edək ki, tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək.
***
09:21
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.
Səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.
Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.