1992-ci il, 25-dən 26 fevrala keçən gecə… Azərbaycanın tam ürəyində tarixi döyüş baş verir. Sonralar yazıçılar, tarixçilər və ümumiyyətlə azərbaycanlılar bu günü bərabər olmayan qüvvələr arasında hərbi əməliyyat, aqressiya, soyqırımı – Xocalı faciəsi adlandırdılar.
Mən isə bu hadisəni mədəniyyətlər savaşı adlandırıram və ümidvaram ki, 1992-ci ilin 26 fevralında bu döyüşdə Balayan köklü müasir erməni “ocağı” iflasa uğradı. Həmişə belə olur. Cahillər mədəniyyətlə rastlaşanda ona sahib çıxmaq istəyir. Əsrlər boyu bütün aqressorların səhvi də məhz bundan ibarətdir – onlar torpağı zəbt edir, evləri yandırır, insanları qanına qəltan edir, amma mədəniyyəti işğal edə bilmir. Səbəb sadədir – mədəniyyət maddi durum deyil. Bostan mənasını şumlayan maddi qara torpağı Vətən edən məhz mədəniyyət olur – onu belləyir, becərir, sevməyi öyrədir, göz bəbəyi kimi qoruyur və sonda həmin qara torpağa tapşırır…
Mədəniyyət ruhdur, ilahidir və azərbaycanlılara ilk növbədə birbaşa Allahdan, Qurani-Kərimdən gəlir. Məsələn, “Bəqərə” surəsinin 216-cı ayəsində Allah-Təala bizə buyurur: “Döyüş alnınıza yazılıb!” Maraqlıdır ki, bu vacib mesajın Azərbaycandakı carçısı mollalar deyil, məhz ANS Media qurumu oldu – savaş başlanandan torpaqlar azad olana qədər.
Lakin erməni tərəfin belə bir mədəniyyəti yoxdur. Əksinə, onlar İsa peyğəmbərin Dağüstü Xütbəsindəki “Bir yanağına vursalar, digər yanağını da çevir” tapşırığına riayət etmədikdə, öz xalqının mədəni köklərini belə tarimar edirlər. Onlar nəinki mərhəmət hissinə sahib çıxmırlar, hətta günahkar ola-ola başqalarının üzünü şillələmək istəyirlər.
Bu il Xocalı faciəsini mən Şəkidə qeyd etdim – Azərbaycanın vacib mədəniyyət beşiyində, Mirzə Fətəli Axundzadə küçəsində, 77 nömrəli binada. Şəki qəribə şəhərdir. Ora elə bir yerdir ki, divarlar danışmır – pıçıldayır. Karvansaralar susmur – xatırladır. Küçələr isə sadəcə uzanmır – tarixə aparır. Və belə bir şəhərdə mən qərara gəldim ki, qədim bir dükanı yenidən nəfəs alsın deyə dirildim – orada rəsm qalereyası, sənət evi yaratdım. Adını da “77 Sənət Evi” qoydum.
Niyə 77? Çünki İsa Peyğəmbər müqəddəs Pyotra 77 dəfə bağışlamağı tövsiyə etmişdi. Çünki “7” rəqəmi əbədilik rəmzidir. Çünki “7” rəqəmi iki dəfə deyilməlidir ki, bunun təsadüf olmadığı anlaşılsın. Anlaşılsın ki, bu, Şəkinin ilk özəl sənət evidir, rəsm qalereyasıdır.

İçəri girəndə başa düşürsən ki, bu yer təkcə rəsm asmaq üçün düzəldilməyib. Bu yer Şəkinin özünü qızıl çərçivəyə salmaq üçün yaradılıb.
Niyə bu qalereyanı yaratdım? Günlərin bir yay istisində, babamın çayxanasının yanında oturub, Şəkinin Mirzə Fətəli Axundzadə prospektini gözü ilə ölçən bir rəssam gördüm. Adamın nurlu üzü, qabar əlləri, şıltaq molberti və tarama çəkilmiş kətanı boya içində idi. Salamlaşdım. Tanış oldum. Rəssam İbrahim Mövsümov iki ildir ki, Şəkinin küçələrinə yorğun ayaqlarını, tarixi binalarına zəhmətkeş əllərini, mənzərə rənglərinə isə ürəyini qurban verib. 1948-ci ildə Bakının Ramana kəndində doğulmasına baxmayaraq, Şəki haqqında bu günə qədər bir çox azərbaycanlı rəssamlardan daha çox əsər yaradıb. Maraqlıdır, bəzi şəhərlər doğrudan da insanı özünə aşiq edir. Şəki isə elə davranır ki, sanki sən anadan olandan ona aşiq idin.
İbrahim qardaş dayanmadan Şəki haqqında danışır və sinə dəftərini kətana yükləyərək sanki məni anamın doğma şəhərində rəsm qalereyası yaratmağa sövq etdi. Londonda, Knightsbridge-də yerləşən sənət qalereyasının sahibi ilə əlaqə saxladım – tam texnoloji zərurət və avadanlıqları sifariş etdim. Eyni zamanda, xaraba qalmış binanın beynəlxalq qalereya standartlarına uyğun təmiri London mütəxəssislərinin ciddi nəzarəti altında aparıldı. İşıq avadanlığı, akustika, otaqlarda sabit temperatur, hətta əsərlərin asılqanları belə dünya standartlarına uyğun oldu. Gecə qarışdı günə, gün uzandı aya, ay gətirdi məni Ramazana.
Müqəddəs Ramazan ayında bu Azərbaycan mədəniyyəti incisi nəhayət çərşabını açaraq əziz və doğma insanların üzünə dik baxdı. Xocalı qətliamı ərəfəsində Azərbaycan mədəniyyəti yeni qapılarını dünyaya açdı – Şəkinin “77 Sənət Evi” adlı qalereyası bizim cahilliyə cavabımız oldu.
Qalereyanın açılışında divarlardakı rəsmlərlə yanaşı rəsmilər də danışdılar. İcra başçısı Elxan Usubov və müavinləri, dostlarım bəstəkar Cavanşir Quliyev, şəhərin memarı Seyran Məmmədov, Şəki Rəssamlar İttifaqının sədri Tahir Həmidli və digər sənət adamları həmin gün mövqe göstərdilər – mədəniyyətin tərəfini seçdilər.

Bu gün, təmənnasız olaraq qalereyanı təqdim etmişəm tanınmış Azərbaycan rəssamı İbrahim Mövsümovun fərdi sərgisinə. Bir müddətdən sonra İbrahim müəllimin əsərlərindən ilhamlanaraq yaradıcılığı ilə dünyanın hər iki yanağından öpən Şəki rəssamlarının da əsərləri sərgilənəcək. Milli əsərlərimiz Londona, Avropaya və ABŞ-a, onlarınkı isə Şəkiyə miqrasiya edəcək. Artıq dünyanın üç tanınmış qalereyası ilə əlaqələr qurulub və dostluqların sayı hər həftə artır.
Xocalıda həlak olan şəhid və qurbanlara Allahdan rəhmət diləyirəm və biganə qalsa da ölməyən Azərbaycan mədəniyyətinə uzun ömür arzu edirəm. Unutmayaq ki, rəsm əsərləri düşmən gülləsinin qarşısını ala bilməz, amma o gülləni atmaq istəyən atıcını dayandıra bilər.
6 dəqiqə