Ölkədə hamı bir-birini istismar eləməklə məşğuldur. Banka kredit ödəyirsən. Borc da 220 manat 5 qəpikdir. 5 qəpiyi ödəməyəndə sənin banka borcun qalır. O 5 qəpikdən ötrü sən 1 manat ödəməlisən. Amma bankın sənə 95 qəpik borcu qalmır.
Eyni ilə taksilərdə də elədir. 4 manat 10 qəpik yazırsa, o səndən 5 manat gözləyir. 4 manat verəndə 10 qəpiyə görə narahat olur, amma 5 manat verəndə 90 qəpiyini qaytarmaq istəmir.
Yüzlərlə belə şeylər saymaq olar.
Söhbət qəpikdən getmir. Söhbət cəmiyyətin psixoloji vəziyyətindən gedir. Hamı bir-birinə "soxmaqla" məşğuldur. Restoran müdiri həkimə gedir. Həkim ona saxta firma dərmanları yazır. Sonra həkim restorana gedir. Restoran müdiri də onun qabağına ölmüş heyvan əti qoyur ki, yesin.
Uşağı həkimə aparıram. Müayinələr 300 manat edir. Klinikanın müdiri pul götürmür ki, səni tanıyıram, xətrini çox istəyirəm. Uşağın müayinələrinin pulunu mən özüm ödəyəcəm. Anası fikirli-fikirli oturur. Yüz faiz bilirəm ki, o 300 manatı məndən necə qoparmaq haqqında variant düşünür. Çölə çıxan kimi də deyir ki, onsuz da 300 manatı verəcəkdin də. Elə bil ki, vermisən. Düş bura.
Yenə deyirəm, söhbət qəpikdən, 300-500 manatdan getmir. Balama canım da qurbandı. Söhbət insanların bir-birini istismar etmək vərdişindən gedir. Sanki qəsdən elə bir sistem yaradıblar, elə bir şüur formalaşdırıblar ki, qoy hamı bir-birinin əti, canı, qanı ilə qidalansın.