BLOQ

Ruslar Türkmənçay müqaviləsini Təbrizdə qeyd etdilər?

Moskva Bakını Təbrizəmi dəyişir?

Ruslar Türkmənçay müqaviləsini Təbrizdə qeyd etdilər?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Xalqımızı ikiyə parçalayan Türkmənçay müqaviləsinin ildönümünü, növbəti yubileylərini tarix həmişə bizsiz, özü qeyd edib.

    Müqavilənin birinci ildönümündə müəlliflərindən biri - Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib. 150 illik yubileyi isə İranı yenidən silkələyib. Müqavilənin düz 150 illik yubiley günündə - 9-10 fevral 1979-cu ildə İranda İslam inqilabı baş tutub.

    Yaxşı. Kim qeyd edirdi bu yubileyi? Biz? Yoxsa tarixin öz, bizlərdən asılı olmayan daxili mexanizmi? Gözəgörünməz dramaturgiyası? Bu mistik rəqəmlər qarşısında, məncə, ancaq susmaq olar. Fəqət, müqavilənin 197-ci ildönümünü Təbrizdə tam real, köhnə müəllifləri qeyd etdilər. Yəni ruslar.

    Yubiley günü Təbrizə Rusiya Federatsiyadan böyük nümayəndə heyəti gəlib. Rusiyanın 19 iri şirkəti Təbriz qubernatoru Bəhrəm Sərməstin qəbulunda, hüzurunda əyləşib. İranın rəsmi “Səda və Sima” (İRİB) informatsiya saytına girsəniz, görüşün şəkillərinə də rastlaya bilərsiniz.

    Təbriz qubernatoru deyib: “Təbriz sənaye-ticarət palatası İranın ən qədim, ən vacib iqtisadi dayaqlarından biridir. Təbrizdə iqtisadiyyatın 94 faizi şəxsi kapital mənşəlidir. Rusiya ilə İran arasındakı iqtisadi əməkdaşlıq Şərqi Azərbaycanı da əhatələməlidir. “Araz azad iqtisadi bölgəsi” aradakı bütün boşluqları həll edəcək. “İqtisadi diplomatiya” sərhədyanı ticari əlaqələri fəallaşdırmalıdır”.

    Qısası, Moskva-Bakı münasibətləri soyuduğu vaxt Moskva-Təbriz əlaqələri qəfil real çərçivələr qazanmağa başladı. Özü də məhz Türkmənçay  müqaviləsinin 197-ci ildönümündə.

    Görüşün yubiley gününə düşməyi, xronologiyası təsadüfü seçilməyib. Əvvəldən planlaşdırılıb. Moskva, necə bəyəm, Bakını Təbrizlə əvəzləməyəmi başladı?

    Yanvarın 18-də Rusiya ilə İran arasında bağlanmış 47 maddəlik strateji saziş də sanki növbəti Türkmənçaydır.

    Sonuncu İran şahı Məhəmmədrza şah da 1977-78-ci ildə Cimmi Karterin təzyiqinə tuş gəlincə, Moskvanın İrandakı təsir dairəsini genişləndirmişdi. Evin zindanındakı solçu, kommunistləri azadlığa buraxmışdı. İrandakı 1978-79-cu il inqilabına bilərəkdən antiamerikan məzmun vermişdi. Moskvanın İrandakı agenturasına özü hər cür imkan qazandırmışdı. Ancaq sonuncu şahənşahın bu son siyasi oyunu böyük peşəkarlıq istəyirdi.

    Divi şüşədən çıxarmaq azdır. Gərək divi geriyə, şüşəyə qaytarmaq duasını unutmayasan.

    Nəticədə Türkmənçay müqaviləsinin 150 illik yubileyi İslam inqibana döndü.
    İndi də bu idarəolunmaz, mistik kabus Təbrizdə dirilə bilər.

    Türkmənçayın ruhu yenə də İran, bölgə üzərində qanadlanıb uçur. Rusların SU-57 təyyarəsi şəklindəmi?