8 Azərbaycan vətəndaşı olan gəmiyə Qara dənizdə hücum olub
Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb YENİLƏNİB
17:20
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatı:
"13 oktyabr tarixində gecə saat 1:30 radələrində Bolqarıstan Respublikasının Byala şəhərindən 18 dəniz mili şərqdə, Qara dəniz akvatoriyasında “CHELSEA-3” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Aldığımız məlumata əsasən, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan 1 nəfər, 1993-cü il təvəllüdlü Ramin Rauf oğlu Qəmbərli hazırda Varna şəhərindəki hərbi hospitala yerləşdirilib və onun səhhəti nəzarətdə saxlanılır. Digər 7 nəfər Azərbaycan vətəndaşı ilkin tibbi müayinədən keçib, onların vəziyyəti qənaətbəxşdir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də onların ölkəyə təhlükəsiz qayıdışının təşkili istiqamətində zəruri tədbirlər görülür.
Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq".
***
11:55
Dronlar Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında iki ticarət gəmisinə hücum edib.
Bolqarıstan hakimiyyət orqanlarının məlumatına görə, "Azov Concord" gəmisi Krapets kurort şəhərindən 27 km məsafədə batıb. "Çelsi 3" gəmisinə Byala şəhərindən 24 km məsafədə hücum edilib və limana çatmağı bacarıb.
BNT-nin məlumatına görə, Bolqarıstanın Baş naziri Rumen Radev oktyabrın 13-ü gecəsi "Çelsi 3" gəmisindən 15 dənizçinin təxliyə edildiyini açıqlayıb. Onların arasında yüngül xəsarət alan yeddi Ukrayna vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı da var.
Baş nazirin sözlərinə görə, gəmi Odessa limanında qeydiyyatdadır və Malta bayrağı altında üzür. Hücumdan sonra "Çelsi 3" gəmisi Varna limanında lövbər salıb. Xilas edilən dənizçilər üç PUA-nın hücumuna məruz qaldıqlarını bildiriblər.
Batan "Azov Concord" gəmisindən bir heyət üzvü xilas edilib. Xilasetmə əməliyyatı davam edir.
Bolqarıstanın Baş naziri Rusiya səfiri Eleonora Mitrofanovanın görüş üçün ölkənin Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb. Hakimiyyət orqanları həmçinin NATO-nun baş katibi Mark Rutte ilə məsləhətləşmələr aparmaq niyyətindədir.
Yeni hadisələr Bolqarıstanın eksklüziv iqtisadi zonasında "Alfa Watan" və "Able" gəmilərinə hücumlardan bir həftə sonra baş verib. Ölkə hakimiyyəti istintaqda Aİ və NATO-dan kömək istəyib.
3 dəqiqə