ABŞ İranla bağlı körfəz ölkələri ilə danışıqlar aparacaq
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir
ABŞ administrasiyasının rəsmiləri fevralın 13-16-da Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin nümayəndələri ilə İran, hava hücumundan müdafiə və terrorizmlə mübarizə ilə bağlı məsələlər barədə məsləhətləşmələr aparacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
Sənəddən məlum olur ki, Amerika idarələrarası nümayəndə heyəti “13-16 fevral tarixlərində Körfəz Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarında iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək”. Dövlət Departamentindən bildirilib ki, Ər-Riyadda keçiriləcək məsləhətləşmələr “üç prioritet məsələ: inteqrasiya olunmuş hava və raket hücumundan müdafiə və dəniz təhlükəsizliyi, İran və terrorizmlə mübarizə” üzərində olacaq.
ABŞ nümayəndə heyətinə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli, Dövlət Departamentinin Terrorla Mübarizə üzrə əlaqələndiricisi vəzifəsini icra edən Kristofer Lendberq, Müdafiə Nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Strowl və digər diplomatlar və hərbi rəsmilər olacaq.
Xatırladaq ki, KƏŞ 1981-ci ildə yaradılıb və təşkilata altı ölkə daxildir: Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanı.