ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Maliyyə Nazirliyi 20-dən çox ölkədə 22 fiziki və 104 hüquqi şəxsə sanksiya tətbiq edib
Bayden Administrasiyası Moskvanın əvvəlki sanksiyalardan yayınmasını nəzərə alaraq, cümə günü Rusiyaya qarşı bir sıra yeni sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar xarici şirkətlərin Rusiya müdafiə sənayesi üçün tədarüklərini dayandırmaq məqsədi daşıyır.
Maliyyə Nazirliyi 20-dən çox ölkədə 22 fiziki və 104 hüquqi şəxsə sanksiya tətbiq edib.
"Bugünki tədbirlər Putinin vəhşicəsinə işğal həyata keçirmək imkanlarını daha da məhdudlaşdıracaq və Rusiyanın sanksiyalardan yayınmaq cəhdlərinin qarşısını alacaq", deyə maliyyə naziri Canet Yellen bildirib.
Bu arada, Dövlət Departamenti dünyada sanksiyalardan yayınaraq Rusiyaya tədarük həyata keçirən 200-ə yaxın fiziki və hüquqi şəxs müəyyən edib.
"Biz həmçinin Ukrayna uşaqlarının sistemli və qanunsuz deportasiyası, Ukraynadan oğurlanmış taxılın daşınması ilə məşğul olan hüquqi və fiziki şəxsləri təqib etməyə davam edirik", deyə dövlət katibi Antoni Blinken bəyanatında qeyd edib.
Öz növbəsində, Ticarət Nazirliyi Rusiyaya müharibə aparması üçün lazım olan məhsulları tədarük edən 71 təşkilatı bloklayıb.
Dövlət Departamentinin informasiya bülleteninə əsasən, yeni sanksiyalar Ukrayna taxılının oğurlanmasında iştirak edən və İrandan Rusiyaya tədarüklərlə əlaqəsi olan bir neçə şirkətə, o cümlədən İranın iki gəmiçilik şirkətinə - "Khazar Sea Shipping Lines" və "Naseem Bahr Kish" şirkətlərinə şamil edilib.