XƏBƏRLƏR / Siyasət

ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür

Bu və digər məsələlər barədə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Bakıda keçirdiyi brifinqdə danışıb

ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.

    Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

    Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional məsələləri, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.

    Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür. O əlavə edib ki, “münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, eyni zamanda, bunun iqtisadi səmərələri olacaq”.

    Ceyms O’Brayn görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb: “Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. İqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.

    Diplomat görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.

    Daha sonra Ceyms O’Brayn bildirib ki, Azərbaycan Avropanın vacib qaz təchizatçısına çevrilib.

    Diplomatın sözlərinə görə, Azərbaycan Avropa üçün enerji şaxələndirilməsində aparıcı rol oynayan ölkələrdən birinə çevrilib.

    Ceyms O’Brayn Avropa ölkələrinin bəzilərinin Rusiya qazından tamamilə imtina etdiyini, bəzilərinin isə alınan qazın həcmini azaltdığını xatırladıb.

    ABŞ Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyir.

    "Biz əməkdaşlıq sahələrini möhkəmləndirmək və genişləndirmək istəyirik. Bugünkü müzakirəmizin böyük hissəsi regiondakı vəziyyətə və hökumətlərin birlikdə daha səmərəli çalışmaq imkanlarına həsr olunub. Mən müzakirə etdiyimiz bir sıra konkret məsələnin üzərində dayanacağam. Biz Mərkəzi Asiyadan Atlantikaya qədər, şimaldan cənubadək uzanan regionda vəziyyəti gözdən keçirdik və hadisələrin necə inkişaf etdiyini müşahidə etdik", - o əlavə edib.