ABŞ SEPAH-la əlaqəli bəzi sanksiyaları ləğv edib
Bu barədə "Reuters" məlumat yayıb
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli üç aviaşirkət və iki təyyarəyə qarşı tətbiq edilmiş terrorizmə qarşı sanksiyaları ləğv edib.
Bu barədə "Reuters" məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, sözügedən aviaşirkətlər və təyyarələr artıq terrorizmlə əlaqədar sanksiyalar siyahısında yer almır.
Hələlik ABŞ administrasiyası sanksiyaların ləğv edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
Bu addım ABŞ ilə İran arasında danışıqların davam etdiyi və Vaşinqtonun yaxın günlərdə Tehranla mümkün razılaşmanı elan edə biləcəyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir.
İran mənbələri bildirirlər ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın "Fly Baghdad" aviaşirkətini (həmçinin "Iraq Express" kimi tanınır) və ona məxsus iki "Boeing 737" təyyarəsini sanksiya siyahısından çıxarıb.
Bununla yanaşı, OFAC İraq vətəndaşı Əlvan əş-Şəbaniyə qarşı olan məlumatları yeniləyib.
Əgər əvvəllər sanksiya materiallarında onun adı "Fly Baghdad" ilə əlaqəli şəxs kimi keçirdisə, indi onun birbaşa İran SEPAH-ın "Qüds" xüsusi təyinatlı qüvvələri ilə əlaqəsi göstərilib.
1 dəqiqə