Ağ evdə Trampla Zelenski arasında görüş keçirilib YENİLƏNİB
Görüş başlayarkən tərəflər arasında gərgin müzakirə baş tutub

02:13
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə mübahisədən sonra ilk açıqlamasını verib.
Zelenski sosial şəbəkə hesablarında Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı olduğunu bildirib.
"Sağ ol Amerika, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Prezidentə, Konqresə və Amerika xalqına təşəkkür edirəm. Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və biz bunun üçün çalışırıq", - deyə Zelenski yazıb.
Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak da ABŞ səfərindən danışıb.
Yermak “Telegram”da yazıb: "Təhlükəsizlik sadəcə söz deyil. Bu, həyatdır. İtkisiz, sevdiklərimiz üçün qorxusuz gələcəkdir. Həqiqi zəmanətlər olmadan müharibə qayıdacaq. O, həmişə yeni zərbə üçün şans olan yerdə qayıdır".
Yermak qeyd edib ki, Zelenski Ukrayna və ədalətli, davamlı sülhü müdafiə edən hər bir şəxs üçün mübarizə aparır.
Xatırladaq ki, fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfərə gəlib. Dövlət başçısı amerikalı senatorlar və ABŞ prezidenti Donald Trampla görüşüb.
Lakin jurnalistlərlə söhbət zamanı Zelenski ilə Tramp arasında Ukraynadakı müharibə ilə bağlı mübahisə yaranıb.
Mübahisədən sonra Ukrayna prezidenti Zelenski Ağ Evi erkən tərk edib. Ukrayna ilə ABŞ arasında nadir torpaq metallarına dair sazişin imzalanması ləğv edilib.
Bu arada Amerika lideri Tramp Zelenskinin sülhə hazır olmadığını bildirib.
***
28 fevral 2025-ci il
23:40
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da Prezident Donald Trampla gərgin görüşün keçirildiyi Oval kabineti yarımçıq tərk edib.
Ukrayna lideri əvvəl planlaşdırıldığı kimi minerallar haqqında saziş imzalamadan və Trampla birgə mətbuat konfransı keçirmədən gedib.
O, korteji ilə yola düşməzdən əvvəl mətbuata açıqlama verməyib
***
22:35
Ağ evdə ABŞ Prezident Donald Trumpla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.
Görüşdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə edilir və sonda minerallarla bağlı sazişin imzalayacağı gözlənilir.
Görüşün əvvəlində hər iki lider jurnalistlərin suallarını cavablandırıb. Tramp jurnalistlərin iki liderin bu gün saziş imzalayıb-imzalamayacağı ilə bağlı suallarına cavab verməyib.
Görüşdə vitse-prezident Ceyms Devid Vans da iştirak edir. Görüş başlayarkən tərəflər arasında gərgin müzakirə baş tutub.