Ağadadaş Ağayev məhkəmədə ifadə verib
“Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti sərbəst ifadə verib. Bildirib ki, həmin gün qəza keçirib və sözügedən hospitalda əməliyyat olunub: “Əməliyyatda qulağıma tikiş qoyuldu. Sonra məni evə buraxdılar. Səhər saat 7-də ağrılarım başladı. Eyvana çıxdım, qiyabi şəkildə tanıdığım hospitalın mühafizəçisinə vəziyyətimin ağır olduğunu dedim və içəridən həkim çağırmağı xahiş etdim. O isə mənə “sən kimsən ki, mənə əmr edirsən” deyərək təhqir etdi. Qapıma kimi gəldi. Onu oradan uzaqlaşdırdılar. Yenidən qapıma gəldi və “kişisənsə, aşağı düş” deyərək təhqiramiz ifadələr işlətdi. Mən aşağı düşdüm, özümü müdafiə məqsədi ilə həyat-bacada işlədilən balaca baltanı götürdüm. Əgər onu vurmaq istəsəydim, qapımda vurardım. Bunun hüquqi cəhətdən fərqini bilirəm. Onu qorxutmaq və uzaqlaşdırmaq istədim. Mühafizəçi hətta o balta ilə mənim üstümə gəlməyə cəhd etmək istəyib. Lakin baltanı yerdən götürüb uzaqlaşdırdılar. Sonra o mənə dəyənəklə hücum etdi. Qaşımdan və tikiş qoyulmuş qulağımın üstünə vurdu. Mən yııxıldım. Yıxılandan sonra da məni vurmağa davam etdi”.
Daha sonra A.Ağayev dövlət ittihamçısının suallarını cavablandırıb. Bildirib ki, balta zərərçəkənə dəyəndə görməyib, bu epizodu yanlız videoda izləyib.
Sonra A. Ağayev zərərçəkənlərin suallarını cavablandırıb və onların dediklərini məntiqsiz adlandırıb.
Zərərçəkənlərin nümayəndələri isə bununla bağlı məhkəməyə etiraz edib. Hakim Xalq artistinə xəbərdarlıq edib.
Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Ağadadaş Ağayevin indiki ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğunu və ilkin ifadənin elan olunması ilə bağlı vəsatət verib.
Dövlət ittihamçısı vəsatəti əsaslı sayıb və təmin olunmasını istəyib. Vəsatət təmin olunub və ifadə elan edilib.
Məhkəmə dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.
Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.
Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.