Ermənistantanda həbs olunan Azərbaycan əsgəri Hüseyn Axundovun cəzası artırılıb.
“Pastinfo”nun məlumatına görə, Apellyasiya Cinayət Məhkəməsində hakim Qriqor Hovhannisyanın sədrliyi ilə keçirilən prosesdə birinci instansiyanın hökmü ləğv edilib. Nəticədə Hüseyn Axundov barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
Xatırladaq ki, azərbaycanlı hərbi əsir 2023-cü ilin iyun aynında keçirlən qondarma məhkəmədə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə ittiham olunur. Apellyasiya Cinayət Məhkəməsi gözətçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edərək H.Axundovun cəzasını ağırlaşdırıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü il aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Qondarma məhkəmə prosesində Aqşin Bəbirov barəsində də "hökm" çıxarılıb və o, 11,5 il müddətinə azadlıqdan məhrum edilib.