Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda 5 körpü inşa ediləcək
Bunu Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Məmməd Məmmədov bildirib
Prezident İlham Əliyevin 2024-cü il 13 yanvar tarixli Sərəncamı ilə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Məmməd Məmmədov bildirib ki, Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrliyindən ayrılan Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun ümumi uzunluğu 33,6 kilometr təşkil edir. Qarabağın inkişaf planı nəzərə alınaraq avtomobil yolu 1-ci və 2-ci texniki dərəcəyə uyğun layihələndirilib. Avtomobil yolunun 12 kilometr hissəsi ikinci dərəcəyə uyğun yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 15 metr, zolaqların sayı 2 ədədə, hərəkət hissəsinin eni isə 7,5 metr olacaq.
Yolun 21,6 kilometr hissəsi 1-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Bu hissədə torpaq yatağının eni 26,5 metr, hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı isə 4 hissədən (iki gediş, iki gəliş) ibarət olacaq. Yolboyu müxtəlif diametrli suötürücü boruların tikintisi, 2 ədəd keçid, 5 ədəd körpünün inşası nəzərdə tutulub.
Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.