Ağdam-Füzuli avtomobil yolu inşa edilir DEO

AAYDA xəbər verir

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır.

    Uzunluğu 65.7 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 4 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir.

    Birinci texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26.5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası tamamlanıb, asfalt-beton örtüyünün alt qatı döşənib.

    Yolun layihə üzrə nəzərdə tutulan və 0.2, 5.6, 12 və 39-cu kilometrlik hissələrdə yerləşən 4 körpünün tikintisi, 63 və 65-ci kilometrlik hissələrdə isə yolötürücülərinin inşası yekunlaşıb.

    Hazırda layihə boyu dəmir-beton tipli küveytlərin tikintisi və ayırıcı zolaqda yerləşdirilən dəmir-beton konstruksiyalı baryerlərin quraşdırılması işləri davam etdirilir.

    Ümumilikdə layihə üzrə tikinti işləri 82 faiz icra olunub.

    Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib

    Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.