Ağdamdakı Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb
Bu münasibətlə təntənəli mərasim keçirilib FOTO
Bu gün Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.
Bu münasibətlə təntənəli mərasim keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər.
Mərasim hər 3 ölkənin dövlət himninin ifası ilə başlayıb.
General-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də imzalanmış Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb.
Baş Qərargah rəisi 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb.
Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb.
Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz 2021-ci il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.
Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.
Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasından sonra Mərkəzin də fəaliyyətinin dayandırılacağı açıqlanıb.