Ağdərədə sakini mal-qara otararkən minaya düşüb
Şıxarx kənd sakini Pənahəliyev Nazimin ayağı amputasiya olunub
21:05
Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) 03.12.2025-ci il tarixində saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bildirilib ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
***
18:30
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
Məlumata görə, dekabrın 3-də 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.
Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", birgə məlumatda deyilir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alan şəxs Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sağ ayağının amputasiya edildiyi bildirilir
1 dəqiqə