XƏBƏRLƏR / İctimaiyyət

Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib

Eldar Quliyev yenidən sədr seçilib

Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Aprelin 23-də Bakıda Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı keçirilib.

    Tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

    Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin, görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, respublikamızın tanınmış ziyalılarının, ağsaqqalların, şəhid ailələrinin üzvlərinin, gənclərin, eləcə də Şuranın 81 şəhər və rayon təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən qurultayda Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra tədbir öz işinə başlayıb.

    Əvvəlcə Şuranın sədri Eldar Quliyev Prezident İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayına ünvanladığıtəbrik məktubunu oxuyub"

    "Hörmətli qurultay iştirakçıları!

    Sizi Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edirəm.

    Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir. Ağsaqqallara hörmət həm Azərbaycan şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatında fundamental bir dəyər kimi daim ön planda yer alır. Təsadüfi deyil ki, xalqımızın tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanında ağsaqqal nəsihətinə və sözünə ehtiram ən yüksək əxlaqi keyfiyyət kimi təsvir olunub.

    Xalqımızın tarixi ənənələrini rəhbər tutaraq üzərilərinə düşən vacib missiyanı daim uğurla həyata keçirən ağsaqqallarımız cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış edirlər. Eyni zamanda milli dövlətçilik ənənələrinin davam etdirilməsi və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində ağsaqqallarımızın müstəsna xidmətləri vardır.

    Məhz ağsaqqallarımızdan vətənpərvərlik və fədakarlıq tərbiyəsi alan gənclərimiz Vətən müharibəsində şanlı Zəfərimizin əldə olunmasında mühüm rol oynayıblar. 30 ildən çox torpaq həsrəti ilə yaşamış, müharibənin ağrı-acısını görmüş böyüklərimizin gənc nəslə aşıladığı milli qürur və Vətən sevgisi sayəsində xalqımızın müasir hərb tarixinə yeni bir səhifə yazıldı.

    Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər. Dünyada artan təhdidlər, xüsusilə də qloballaşma və sosial şəbəkə platformalarının zərərli təsirləri nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması Azərbaycanda mövcud olan ağsaqqallıq institutunun əhəmiyyətini və rolunu daha qabarıq şəkildə vurğulayır. Gənclərimizi milli vətənpərvərlik və öz köklərinə bağlı ruhda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək ağsaqqallarımız qarşısında duran əsas vəzifələrdən biridir.

    Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir. Şura ölkənin ictimai-siyasi və humanitar inkişafında, cəmiyyət həyatının aktual məsələlərinin həllində və gənc nəslin tərbiyəsində iştirak edir.

    İnanıram ki, IX Qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ölkənin ictimai-siyasi həyatında təşkilatın rolunun daha da güclənməsinə xidmət edəcəkdir.

    Qurultayın işinə uğurlar, hər birinizə isə möhkəm cansağlığı, uzun ömür, dəyərli ictimai fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

    Qurultayın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Eldar Quliyev Şuranın 5 illik fəaliyyətinə dair hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Qurultayda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademik Ziya Səmədzadə, professorlar Aqiyə Naxçıvanlı və Vaqif Şadlinski, eləcə də Yasamal Rayon Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov, gənc fəal, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Nəzrin Abdullayeva, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və başqaları çıxış ediblər.

    Natiqlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan, davamlı inkişaf prosesindən, əldə olunan uğurlardan, eləcə də möhtəşəm Zəfərdən, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən, soydaşlarımızın doğma torpaqlarına qayıdışından bəhs ediblər.

    Bu davamlı inkişaf fonunda ölkəmizdəki ictimai-siyasi və sosial-mədəni proseslərdə yaxından iştirak edərək dövlətimizin və xalqımızın milli mənafeyinə xidmət göstərən Azərbaycan Ağsaqqallar Şurasının aktiv fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, Şuranın 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvü milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, cəmiyyətimizdə sağlam ictimai münasibətlərin formalaşdırılması istiqamətində bilik və təcrübələrini əsirgəmir.

    Natiqlər ağsaqqalların və ziyalıların daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıblar.

    Qurultayda daha sonra təşkilati məsələlərə baxılıb. Səsvermə yolu ilə professor Eldar Quliyev yenidən Azərbaycan Ağsaqqallar Şurasına sədr seçilib, yeni üzvlər qəbul olunmaqla İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.

    Şuranın Nizamnaməsi əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada qəbul olunub. Həmçinin Qurultay nümayəndələri adından Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının keçirilməsi ilə bağlı məlumat məktubunun göndərilməsi qərara alınıb və Prezident İlham Əliyevə müraciət qəbul edilib.

    Bununla da Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayı öz işini yekunlaşdırıb.