Ağsuda sel ekskavatoru aşırıb:1 ölü, 3 yaralı var YENİLƏNİB
Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb

15:31
Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.
***
13:55
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb. Digər üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır.