Aİ limanlarına Rusiyaya məxsus LNG-nin yüklənməsi qadağası
Bu barədə “İnterfaks” məlumat yayıb

Bu gündən Avropa İttifaqı (Aİ) ölkələrinin limanlarına Rusiyada istehsal olunan və yaxud bu ölkədən ixrac edilən mayeləşdirilmiş təbii qazın (LNG) yüklənməsi xidmətlərini göstərmək qadağan edilib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Bu sanksiyalar ötən ilin iyun ayında tətbiq edilib, lakin iyunun 25-nə qədər bağlanmış müqavilələrin icrasına bu il martın 26-na qədər möhlət verilib.
Həmçinin texniki dəstək, broker xidmətləri, maliyyələşdirmə və ya boşaldılıb yüklənmə xidmətləri üzrə maliyyə dəstəyinin göstərilməsi də qadağan edilib.
Aİ ölkələrinin hakimiyyət orqanları Rusiyaya məxsus LNG-nin yüklənməsi xidmətlərinə yalnız o halda icazə verə bilər ki, mayeləşdirilmiş qazın ittifaqın üzvü olan ölkəyə nəqli zəruridir və onun enerji təminatı üçün istifadə ediləcək.
Ən böyük daşıma müqaviləsi Yamal LNG (NOVATEK-in bir hissəsi) ilə Belçikanın "Fluxys" şirkəti arasında bağlanıb. Rusiya şirkətinin verdiyi məlumata görə, xüsusi olaraq Yamal LNG-nin ehtiyacları üçün tikilmiş çən 180 min kubmetr tutumludur. O, ildə 8 milyon tona qədər Yamal LNG-ni idarə etməyə imkan verəcək. Yamal LNG 2019-cu ildə 20 illik müqavilə əsasında Belçikanın Zeebrugge terminalında LNG daşıma tankından istifadə etməyə başlayıb.