Aİ Orta Dəhlizi Şimal Marşrutuna alternativə çevirəcək
Bu barədə Genişlənmə üzrə Komissar Marta Kos bu gün Daşkənddə bildirib
Avropa İttifaqı Transxəzər Nəqliyyat Marşrutunu, həmçinin Orta Dəhliz kimi tanınan marşrutu Şimal Marşrutuna etibarlı uzunmüddətli alternativə çevirməyə sadiqdir.
Bu barədə Genişlənmə üzrə Komissar Marta Kos bu gün Özbəkistanın Daşkənd şəhərində açılan Transxəzər Nəqliyyat Dəhlizi və Nəqliyyat Əlçatanlığı üzrə İnvestor Forumundan əvvəl bildirib.
Avropa Komissarı bildirib ki, "Orta Dəhliz bu marşrut boyunca yerləşən bütün ölkələrə geosiyasi və iqtisadi faydalar təklif edir və Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və liman şəbəkəsindən ibarətdir".
Onun sözlərinə görə, Orta Dəhliz boyunca yük daşımaları 2022-ci ildən bəri artıq dörd dəfə artıb. "2030-cu ilə qədər, investisiyalar onun tutumunu artırmaq və maneələri aradan qaldırmaq üçün diqqətlə hədəflənərsə, üçqat arta bilər. Bu məsələlər Daşkənddəki forumda müzakirələrin mərkəzində olacaq", Kos qeyd edib.
Kosmissar vurğulayıb ki, Aİ-nin öz təcrübəsi tək bir ölkəyə və ya mənbəyə həddindən artıq asılılığın nə qədər həssas olduğunu göstərib. Bu, enerji şantajına, vacib xammal çatışmazlığına və ya rəqəmsal texnologiyalara həddindən artıq etibara səbəb ola bilər ki, bu da nəticədə fəaliyyət azadlığını məhdudlaşdırır. "Nəqliyyat infrastrukturuna, rəqəmsal və enerjiyə əlçatanlığa investisiya qoymaq daha çox imkanlar yaradır və şantaj riskini azaldır", - deyə Kos yekunlaşdırdı.
Beynəlxalq Tərəfdaşlıq üzrə Komissar Jozef Sikela da tədbirdə iştirak edəcək.
TransXəzər Nəqliyyat Dəhlizi Aİ-nin Qlobal Gateway strategiyasının flaqman təşəbbüsüdür və Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfləyir. Azərbaycan bu təşəbbüs üçün əsas mərkəzdir, çünki Asiya ilə Avropa arasındakı bu marşrutun qovşağında yerləşir və birbaşa Azərbaycandan keçir.
2 dəqiqə