AİHM mərkəzdə sökülən bina sakinlərinə 1,7 mln avro kəsdi
Avropa Məhkəməsinin qərarına əsasən, hökumət 18 ərizəçiyə maddi və mənəvi ziyana görə bu təzminatı ödəməyə borcludur

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın mülkiyyət hüquqlarının pozulmasına görə 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməli olması barədə qərar çıxarıb.
AİHM qərarını Bakıda Qış Parkının tikintisi zamanı çıxarılan şəxslərin ifadələri əsasında qəbul edib.
2008-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri-yaşayış sahəsi sökülüb, sakinlər köçürülüb. Ərizəçilər mülkiyyət hüquqlarına müdaxilədən şikayətlənərək ədalətli mühakimə olunmasını tələb ediblər.
Hələ 2022-ci ildə AİHM bu işdə bir çox mülkiyyətçilərin hüquqlarının pozulmasını müəyyən edib və kompensasiya məsələsini həll etmək üçün vaxt verib.
Yanvarın 14-də Avropa Məhkəməsi qərarını açıqlayıb, ona görə hökumət 18 ərizəçiyə 1 milyon 693 min avro məbləğində maddi və mənəvi ziyana görə təzminat ödəməyə borcludur.
Məhkəmə qərarına əsasən, bütün ərizəçilərə dəymiş maddi və mənəvi ziyan 3 ay ərzində ödənilməlidir. Müraciət edənlərə ödəniləcək kompensasiyanın ümumi məbləği 1 milyon 693 min 892 avro təşkil edir.