Macarıstan da Azərbaycanı müdafiə etdi
Macarıstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Zolt Nemet AŞ PA sədri Teodoros Russopulosa məktub göndərib
Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Zolt Nemet AŞPA-nın qış sessiyasında parlamentin Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə etirazla bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar AŞ PA sədri Teodoros Russopulosa məktub göndərib.
Məktubda qeyd olunur ki, bu qərarın qəbulu “ortaq maraq doğuran məsələlər üzrə konstruktiv idarələrarası dialoq və məsləhətləşmələr praktikasına xələl gətirdi”.
"Bu kontekstdə hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin təşkilatda iştirakı məsələsi təcili həll olunmalıdır", - Nemet qeyd edib.
Macarıstan nümayəndə heyətinin rəhbəri AŞPA sədrini siyasi qruplarla birlikdə “qətiyyətli addımlar atmağa” və Azərbaycanın parlament nümayəndə heyətinin təcili olaraq AŞPA-da işə qayıtmasına imkan yaratmağa çağırıb.
Nemet əmin olduğunu bildirib ki, bu, Azərbaycana “nəinki Avropa Şurasının məruzəçilərinin ölkəyə dəvət olunması və onların səfərinin təşkili üçün şərait yaratmağa, həm də Parlament Assambleyasını ölkədə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə” imkan verəcək.
Qeyd edək ki, bundan öncə Azərbaycanı Türkiyə, Serbiya və Gürcüstanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə etirazla bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar AŞPA sədri Teodoros Russopulosa etiraz məktubları göndəriblər.