Goranboyda binada mənzilin döşəməsi çöküb, xəsarət alan var

FHN xəbər verir YENİLƏNİB

  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:54

    Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

    Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

    ***

    10:38

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

    Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb edilib.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

    FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.