XƏBƏRLƏR / İctimaiyyət

İlk dəfə TDT qeyri-hökumət təşkilatları toplanıb

Artıq bütün nümayəndə heyətləri Bakıdadır

İlk dəfə TDT qeyri-hökumət təşkilatları toplanıb
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 11:20

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub:

    "Hörmətli forum iştirakçıları!

    Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram.

    Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır.

    Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir.

    Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir.

    Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.

    Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.

    2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

    Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.

    Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

    Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".

    ***

    09:10

    Bu yaxınlarda Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır.

    Bbu gün Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı olacaq.

    Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.

    Artıq bütün nümayəndə heyətləri Bakıdadır. Onlar ötən gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

    Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.

    İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

    Bu gün Bakıda – “Gülüstan” sarayındakı müzakirələrə bədii-mədəni proqramla yekun vurulacaq.

    Sabah isə forum işini Naxçıvan şəhərində davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.

    Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın üçdə iki hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Bu il, həmçinin dünya müsəlmanlarının 60 faizinin yaşadığı, “İslam Səkkizliyi” adlanan D-8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub. 2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.

    Naxçıvanda sabah forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq. Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın postmünaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.

    2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-də bir sıra yerlərlə tanış olacaq. Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.