Aktyor Cabir İmanov vəfat edib YENİLƏNİB
Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib

17:30
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"
***
15:00
Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
14:28
Yerli mətbuat xəbər verir ki, "Parni iz Baku" KVN komandasının üzvü 49 yaşlı aktyor Bakının Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında ürək tutmasından dünyasını dəyişib.
Təcili tibbi yardım əməkdaşları onu xilas edə bilməyiblər.
Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Cabir bəstəkar, Azərbaycan SSR-nın xalq artisi Süleyman Ələsgərovun (1924-2000) nəvəsi idi.