XƏBƏRLƏR / Media

Almaniya kəşfiyyatının eks-rəhbərinin Azərbaycan qalmaqalı

Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçmiş rəhbəri ilə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır

Almaniya kəşfiyyatının eks-rəhbərinin Azərbaycan qalmaqalı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • “Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkildə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir”.

    Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.

    Açıqlamada bildirilib ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.

    “Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Almaniya əlaqələrinə xələl vurmaqdır.

    Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycanı əsassız şəkildə beynəlxalq informasiya məkanında mənfi kontekstdə təqdim etməyə yönələn bu cür dezinformasiya kampaniyalarını qətiyyətlə pisləyir, beynəlxalq media subyektlərini peşəkar jurnalistikanın əsas prinsiplərinə, o cümlədən dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə ciddi riayət etməyə, həqiqətə uyğun olmayan məlumatların yayılmasına və ictimai rəyin manipulyasiya edilməsinə yol verməməyə çağırır”, - açıqlamada qeyd olunub.

    ***

    ANS Press-ARAYIŞ:

    Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq Azərbaycan kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etməkdə şübhəli bilinir. Bu barədə "Der Spiegel" jurnalı yazıb.


    • Həbs: Avqust Hanninq (80 yaşlı) 6 oktyabr 2026-cı ildə Almaniya Federal Prokurorluğu tərəfindən casusluq, dövlət sirlərini toplamaq və dövlətə xəyanətə cəhd etmək şübhəsi ilə həbs edilib.
    • İşin mahiyyəti: Müstəntiqlərin sözlərinə görə, Hanninq keçmiş köməkçisi Manfred D.-dən (2026-cı ilin mart ayına qədər BND materiallarına çıxışı olan) əldə etdiyi məxfi sənədlərdən Azərbaycan kəşfiyyat zabiti üçün analitik hesabat hazırlamaq üçün istifadə edib.
    • Sızmanın həcmi: Əməkdaşlıq müddətində (təxminən 2010-cu ildən başlayaraq) köməkçi Hanninqə təxminən 2000 sənəd ötürmüş ola bilər ki, bunların bəzilərində məxfi məlumatlar var idi.