Türkiyə və Azərbaycanın media sahəsində strateji əməkdaşlığı
Bakıda iki ölkənin Media Platformalarının dəyirmi masası keçirilir

Bakıda Türkiyə və Azərbaycan Media Platformasının dəyirmi masası keçirilir.
Tədbir Sosial Tədqiqatlar Mərkəzinin (STM), Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Dəyirmi masa "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusuna həsr olunub.
Dəyirmi masada Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Tahirə Allahyarova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, deputat Vüqar Rəhimzadə, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov eləcə də, bir sıra digər media rəhbərləri iştirak edirlər.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc tədbirdə çıxış edərək bildirib ki, özünü prokuror kimi aparan və müstəqil adlanan bir çox Qərb mediası savaşın hansı cinahında yer aldıqlarını həm 44 günlük müharibədə, həm də indi açıq göstərdilər.
O qeyd edib ki, üstündən 5 il keçəndən sonra ABŞ-də hakimiyyətin dəyişməsi ilə həm də Azərbaycana qarşı hücumlara rəhbərlik edən mütəşəkkil qrup, dövlət, media və qeyri-hökumət təşkilatları ifşa olundu:
"The Washington Post", "The New York Times" və digər şər qəzetlərinin hamısından indi hesabat istənilir. Onlarla klon təşkilatlarına tribuna verən "fake news" şəbəkələrinin, əslində, korrupsiya layihələri olduğu üzə çıxır.
Münhen Təhlükəsizlik Konfransıda ABŞ-nin vitse-prezidenti Ceyms Vens haqlı olaraq Avropa təhlükəsizliyinə ən böyük zərbəni demokratiyanı işğal silahına çevirən liderlərin vurduğunu onları üzünə söylədi".
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxış edərək bildirib ki, Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.
"Azərbaycan və Türkiyə əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə Bakıda fəaliyyətə başladığım müddətdən bəri şahidi oldum. Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.
Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq", - o qeyd edib.