Almaniya Prezidenti Ermənistana səfər edib YENİLƏNİB/FOTO
Bu barədə Ermənistan KİV-i xəbər verir

17:50
Paşinyan və Ştaynmayer İrəvanda keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Ermənistanın baş naziri və Almaniya Prezidenti sazişin imzalanmasının Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinin xeyrinə vacibliyini vurğulayıblar.
Paşinyan həmçinin Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun vacibliyini vurğulayıb.
Bu, Almaniya Prezidentinin Ermənistana ilk səfəridir. Onun növbəti dəfə Azərbaycana gəlişi gözlənilir.
***
16:35
Almaniya Cənubi Qafqazda sabitlikdə maraqlıdır. Bunu prezident Frank-Valter Ştaynmayer İrəvanda erməni həmkarı ilə keçirdiyi brifinqdə deyib.
Bu barədə "Sputnik Armenia" xəbər yayıb.
O qeyd edib ki, Vaaqn Xaçaturyanla regionda sülhün bərqərar olması prosesi müzakirə olunub. Ştaynmayer Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı tərəqqi adlandırıb. Almaniya Prezidenti hesab edir ki, sülh sazişi regionda uzunmüddətli sülhə yol aça bilər. Bununla yanaşı, Ştaynmayer vurğulayıb ki, tərəflər hələ yekun nöqtəyə gəlib çatmayıb və sazişi imzalayıb və ya ratifikasiya etməyiblər.
Onların Cənubi Qafqazda uzunmüddətli və sabit sülhün bərqərar olması üçün fürsətdən istifadə etmələri arzuolunandır”, - deyən Ştaynmayer bu məsələni Bakıda da qaldırmaq niyyətində olduğunu bildirib.
Ştaynmayer həmçinin qeyd edib ki, son illər İrəvan və Berlin arasında ikitərəfli münasibətlərin inkişafından heyran qalıb. Onun sözlərinə görə, Aİ Ermənistan üçün ən mühüm ticarət tərəfdaşlarından biridir və Almaniya İrəvanla münasibətləri dərinləşdirmək niyyətindədir.
Öz növbəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan almaniyalı həmkarı ilə Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin dərinləşdirilməsi məsələsini müzakirə etdiyini və bu kontekstdə Almaniyanın mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, regiondakı vəziyyət də müzakirə edilib, mövcud münaqişələrin beynəlxalq normalara, bütün ölkələrin suverenlik və bərabərlik prinsiplərinə hörmət əsasında sülh yolu ilə həllinin zəruriliyi vurğulanıb.
.
Səfər zamanı iqtisadiyyat naziri Gevork Papoyan və Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buş iki ölkə arasında maliyyə əməkdaşlığı haqqında saziş imzalayıblar.
Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer regional səfərlə martın 30-da Ermənistana gəlib. İrəvandan sonra o, Bakıya gələcək.
***
11:33
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender regional səfər çərçivəsində dünən axşam saatlarında Ermənistana gediblər.
Ermənistan KİV-i xəbər verir ki, onları Zvartnots hava limanında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qarşılayıb.
Ştaynmayerin Ermənistanda ER prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Almaniya Prezidentinin mətbuat xidməti Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.