Almaniyada terror aktı: 5 ölü, 200 yaralı YENİLƏNİR
Taleb əl-Əbdülmöhsən adlı şəxs avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürüb
17:43
Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə Saksoniya-Anhalt əyalətinin qubernatoru Reiner Haseloff bildirib.
Onun sözlərinə görə, ümumilikdə 200-dən çox adam yaralanıb, onların əksəriyyətinin vəziyyəti ağırdır.
Maqdeburqa səfər edən kansler Olaf Şolz yaralanananlara görə xüsusi narahatlığını dilə gətirib, dəhşətli fəlakəti pislədiyini vurğulayıb.
***
15:18
Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı dördə çatıb, təxminən 200 nəfər yaralanıb.
Bu barədə BBC polisə istinadən məlumat yayıb.
"Maqdeburqda Milad yarmarkasındakı hadisə nəticəsində ölənlərin sayı dördə çatıb. Hadisə nəticəsində təxminən 200 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 20-i axşam Almaniyanın Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi qara BMW-ni Milad yarmarkasındakı izdihamın üzərinə sürüb. Nəticədə iki nəfərin öldüyü və 68 nəfərin xəsarət aldığı bildirilirdi.
Hadisədə şübhəli bilinən şəxs 50 yaşlı Taleb A.-dır. Güman edilir ki, avtomobili o idarə edib. Taleb A. Səudiyyə Ərəbistanında anadan olub, lakin İslamı sərt tənqid edib və özünü "Almaniya üçün Alternativ" (AfD) partiyasının tərəfdarı hesab edib.
***
10:34
Almaniyanın Maqdeburq şəhərində saxlanılan şübhəli şəxs ölkə hökuməti tərəfindən anti-islamçı kimi tanınırdı.
Bu barədə "Berliner Zeitung" alman qəzeti yazıb.
Qəzetin məlumatına görə, şəxsin adı Taleb əl-Əbdülmöhsəndir. O, 2006-cı ildən Almaniyada yaşayır və daimi yaşayış icazəsi var. T.Əbdülmöhsən psixoterapevt təhsili zamanı dəvətli həkim kimi ölkəyə gəlib və daha sonra islamdan imtina etdiyinə görə ölümlə hədələndiyindən sığınacaq üçün müraciət edib.
"Onun sosial media profillərindən göründüyü kimi, o, son dərəcə anti-islam mövqelidir və "Almaniya üçün Alternativ"in siyasətini dəstəkləyir", - nəşr vurğulayıb.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 11 nəfər ölüb, 80-dək insan xəsarət alıb.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.
***
05:30
Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 68 insan xəsarət alıb. Onlardan 15-nin vəziyyəti ağırdır.
Bu barədə BBC Maqdeburqdakı xilasetmə xidmətinə istinadla məlumat verib.
Hadisədə 2 nəfər ölüb.
“BMW” markalı avtomobili idarə edən şəxs saxlanılıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanından olduğu müəyyən edilib.
Səudiyyə Ərəbistanından olan 50 yaşlı şəxsin 2006-cı ildən Almaniyada yaşadığı və Bernburq şəhərində həkim işlədiyi müəyyən edilib. Nəqliyyat vasitəsi icarəyə götürülüb.
Hazırda Maqdeburq şəhərində geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə 150-dək xüsusi təyinatlı cəlb olunub, təhqiqat aparılır.
Artıq Almaniya kansleri Olaf Şolts baş verən hadisəyə münasibət bildirib: “Maqdeburqdan gələn xəbərlər pis fikirlərə yol açır. Fikirlərim qurbanların və yaralıların yaxınlarının yanındaır. Bu dəhşətli saatlarda xilasedicilərə minnətdarlığımı bildirirəm”.
Saksoniya-Anhalt əyalət hökumətinin sözçüsü Mattias Şuppe hadisəni terror aktı kimi təsnif edib.