XƏBƏRLƏR / Kriminal

Sidneydə terror aktında ölənlərin sayı 16-ya çatıb

YENİLƏNİB

Sidneydə terror aktında ölənlərin sayı 16-ya çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 09:20

    Avstraliyanın Sidney şəhərində baş verən və 16 nəfərin ölümü, 40 nəfərin isə yaralanması ilə nəticələnən terror aktını törədən şəxslərin ata və oğul olduğu açıqlanıb.

    Bu barədə Yeni Cənubi Uels ştatının polis komissarı Məl Lənyon mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, hücumu Sidneynin cənub-qərbində yerləşən Bonniroq bölgəsində yaşayan iki nəfər həyata keçirib.

    İstintaqın ilkin məlumatlarına əsasən, 24 yaşlı oğul saxlanılarkən ağır yaralanıb, 50 yaşlı atası isə hadisə zamanı öldürülüb. Hücum Bondi-Biç ərazisində baş verib.

    Polis komissarı bildirib ki, hazırda hücumun əvvəlcədən planlaşdırıldığına dair hər hansı sübut yoxdur. Məlumata görə, hücum edən şəxslərdən biri təxminən 10 il ərzində odlu silaha rəsmi lisenziya ilə sahib olub və silahı qanuni şəkildə əldə edib.

    Hadisə ilə bağlı istintaq davam etdirilir.

    ***

    00:14


    Dekabrın 14-də Sidneydə törədilən terror aktında ölənlərin sayı 15 nəfərə çatıb.

    Yeni Cənubi Uels ştatının səhiyyə naziri Rayan Park bu barədə açıqlama verib.

    Onun sözlərinə görə, ölənlər arasında bir uşaq da var, azyaşlı Rendvikdəki uşaq xəstəxanasında ölüb.

    "Bu, bütövlükdə cəmiyyətimiz, bütün avstraliyalılar üçün tamamilə dəhşətlidir, lakin yəhudi icması üçün xüsusən ağırdır", - Park deyib.

    Nazir atışmada yaralananlardan dördünün uşaq xəstəxanasına göndərildiyini bildirib.

    ***

    14.12.2025-ci il

    18:38


    Sidneydə Bondi çimərliyindəki terror aktı ilə bağlı iki nəfər saxlanılıb.

    Bu barədə yerli mətbuat xəbər verir.

    Məlumata görə, Avstraliyanın ən böyük şəhərinin cənub-qərbində yerləşən Bonniriq rayonunda bir evdə aparılan axtarışlardan sonra hüquq-mühafizə orqanları iki kişini həbs edib.

    Qeyd olunub ki, Yeni Cənubi Uels ştatının iğtişaşlara qarşı mübarizə dəstəsinin əməkdaşları həmin şəxsləri atəş açanlardan birinə məxsus evdə aşkar ediblər.

    Ştat polisinin son məlumatına görə, cinayətkarın zərərsizləşdirilməsi istisna olmaqla, 11 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. "İki əməkdaş odlu silah yarası alaraq kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar əməliyyat olunur", – deyə polis komissarı Mol Lanyon bildirib.

    ***

    15:42

    Avstraliyada Sidney şəhərində yəhudilərin Hanuka bayramı ilə bağlı şənliklər zamanı baş verən atışma nəticəsində 12 nəfər həlak olub. Təxminən 60 nəfər yaralanıb.

    Ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var.

    Polis bir şübhəlini saxlayıb və istintaq davam edir.