Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər
Kanada tədqiqatçıları bütün donorları xəstəliklə bağlı ətraflı yoxlanmağa çağırırlar.
Tədqiqat göstərir ki, Alzheimer xəstəliyi orqan transplantasiyası edilən xəstələrə də keçə bilər.
“Science” saytı xəbər verir ki, Kanadadakı tədqiqatçılar bütün donorları xəstəliklə bağlı ətraflı yoxlanmağa çağırırlar.
“Stem Cell Reports” jurnalında dərc olunan araşdırmaya görə, siçanlar arasında sümük iliyi nəqli Alzheimer xəstəliyi ilə əlaqəli simptomların və patologiyaların ötürülməsi ilə nəticələnib. Tədqiqat müəllifləri aşkar ediblər ki, Alzheimer xəstəliyi ilə əlaqəli son dərəcə nadir genetik mutasiya daşıyan ştam iliyə yeridildikdən sonra sağlam siçanların beynində zülalların anormal yığılması baş verib.
Alimlər bu araşdırmanın “Alzheimer xəstəliyinin ötürülməsini” nümayiş etdirdiyini və insan sümük iliyi, orqan və qan donorlarının neyrodegenerasiya ilə əlaqəli mutasiyalar üçün skrininqini dəstəklədiyini bildiriblər. Tədqiqatçılar, həmçinin xəstəliyinn mərkəzi sinir sistemindən kənarda olan amiloid zülallarından yarana biləcəyi qənaətinə gəliblər.
Lakin nəticələrin insanlarda da eyni olub-olmadığını dəqiq bilmək üçün daha çox araşdırmaya ehtiyac var.