Amsterdamda Ziya Bünyadov haqqında kitab dərc olunub
Tarixçi Sara Krombax akademikin Azərbaycanda tarix və şərqşünaslıq elminin inkişafına verdiyi töhfənin sosioloji təhlilini aparıb
Amsterdamda Sara Krombaxın "Miflər və milli quruculuq. Ziya Bünyadov və Azərbaycanın keçmişinin qurulması" adlı kitabı dərc olunub.
Tarixçi Sara Krombax akademik Ziya Bünyadovun Azərbaycanda tarix və şərqşünaslıq elminin inkişafına verdiyi töhfənin sosioloji təhlilini aparıb. Onun araşdırması akademikin qohumları, onun illərlə işlədiyi, daha sonra isə direktoru olduğu Şərqşünaslıq İnstitutunun əməkdaşları və Ziya Bünyadovu yaxından tanıyan bir çox digər insanlarla müsahibələrə əsaslanır. Onlar arasında Cəmil Həsənli, İsa Qəmbər, Hikmət Hacızadə və digər Azərbaycan siyasətçiləri da var idi.
"Sara Krombax Z.Bünyadov fiquru vasitəsilə Azərbaycan tarixinin sovet dövründə və müstəqillik dövründə necə dəyişdiyini, sovet dövründə və SSRİ dağıldıqdan sonra tarix elmində mövcud olan mifləri, habelə 80-90-cı illərdə ölkənin qarşılaşdığı problemləri göstərməyə çalışıb. Krombax Qarabağ münaqişəsinə, həmçinin Xalq Cəbhəsinin yaranması tarixinə və onun ölkənin müstəqilliyi uğrunda mübarizəsinə böyük diqqət yetirib. Kitab çox maraqlıdır", deyə A.Yunus nəşrlə bağlı şərh verib.
Sara Krombax tarixçi olmaqla yanaşı, həm də solo konsertlər verən peşəkar piano ifaçısıdır. İyunun 25-də təqdimat mərasimində o, öz çıxışını çox sayda musiqi əsərlərinin ifası ilə müşaiyət edib. Xüsusən, o, Fikrət Əmirovun 12 musiqi etüdünü ifa edib.
2019-cu ildə Amsterdam Universitetində bu ali məktəbin elmi işçisi olan Krombaxın Ziya Bünyadovun Azərbaycan tarixşünaslığında rolu haqqında doktorluq dissertasiyasının müdafiəsi olub. Onun bu elmi işi "Miflər və milli quruculuq. Ziya Bünyadov və Azərbaycanın keçmişinin qurulması" kitabının əsasını təşkil edib. ("Turan")