ANAMA: Qazaxın işğaldan azad edilmiş əraziləri təmizlənir
223,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
ANAMA: Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından bəri mina təmizləmə işləri aparılır. 223,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Agentlik bildirib ki, "Bu günə qədər 1059 piyada əleyhinə və 99 tank əleyhinə mina, eləcə də 49 partlamamış hərbi sursat aşkar edilərək təmizlənib".
Qeyd edək ki, agentliyin həftəlik hesabatına əsasən, ötən ay azad edilmiş ərazilərdə 7022,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Xatırladaq ki, ötən il delimitasiya işləri nəticəsində 12,7 kilometrlik sərhəd xətti müəyyən edilib və bu da Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndində - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılıda 6,5 kvadrat kilometr ərazinin geri qaytarılmasını təmin edib. Mayın 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Qazax rayonunun bu kəndlərinin ərazilərini nəzarətə götürüb.
1 dəqiqədən az