Ararat Melkumyan Laçın yolunda saxlanılıb?
O, özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikası”nın “milli təhlükəsizlik şurasının direktoru” idi
Özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikası”nın “milli təhlükəsizlik şurasının direktoru” Ararat Melkumyanın “Laçın” sərhəd-keçid məntəqəsində həbs edildiyi barədə məlumat yayılıb.
Bununla bağlı ilk məlumatı ermənilərin “MediaHub” saytı yayıb.
A.Melkumyan general-mayor hərbi rütbəsinə malikdir.
Erməni tərəfi hələlik Melkumyanın həbsi xəbərini rəsmən təsdiqləməyib.
Qeyd edək ki, Ararat Melkumyan 2023-cü ilin yanvarında Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan tərəfindən qondarma “Artsax rejimi”nin “təhlükəsizlik direktoru” Vitali Balasanyanın yerinə gətirilmişdi.
Onun Arayik Arutyunyanın yaxın dostu olduğu da bildirilir.
Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar kəndində anadan olub.
Separatçılar arasında nüfuzlu hərbçilərdən sayılır. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.
Ararat Melkumyan 2022-ci il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbayacan qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.
Melkumyan 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşdüyünə görə qondarma “Artsaxın milli qəhrəmanı” adı alıb.
Azərbaycan tərəfi bununla bağlı həər hansı məlumat yaymayıb.