XƏBƏRLƏR / Nəqliyyat

Asiya İnkişaf Bankı Şimal-Cənub Dəhlizinə kredit ayırdı

Sumqayıt-Yalama yolu üzrə həm avtomobil, həm də dəmir yolları təkmilləşəcək

Asiya İnkişaf Bankı Şimal-Cənub Dəhlizinə kredit ayırdı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Asiya İnkişaf Bankı (AİB) regional əlaqəni gücləndirmək üçün Azərbaycanda Şimal-Cənub Dəhlizinin əsas keçidini təkmilləşdirmək üçün 131,5 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.

    Layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən ödənilir. Kredit AİB-in çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək.

    Vəsait Sumqayıt-Yalama hissəsində 166 kilometr ikixətli avtomobil yolunun, o cümlədən mülki tikililərin və dəmir yolu keçidlərinin bərpasının başa çatdırılmasına yönəldiləcək. Bu kredit 2017-ci ildə təsdiq edilmiş Dəmir Yolu Sektorunun İnkişaf Proqramının əlavə maliyyələşdirilməsidir və məqsədi ölkənin dəmir yolu əməliyyatlarının müasirləşdirilməsidir.

    “Dəmir yolu infrastrukturunun modernləşdirilməsi təhlükəsizliyi və enerji səmərəliliyini artıracaq, nəqliyyat xərclərini azaldacaq”, - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə regional direktoru Yevgeni Jukov bildirib: “Bundan əlavə, bu, Azərbaycanın Avropa və Asiyanın kəsişməsindəki strateji mövqeyini gücləndirəcək”.

    Layihə təkmilləşdirilmiş dəmir yolu və multimodal infrastruktur, eləcə də dəmir yolu sektorunda islahatlar vasitəsilə regional iqtisadi inkişafı təşviq edən Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat strategiyasına uyğundur.

    Dəmir Yolu Sektorunun İnkişafı Proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” (AZD) QSC 2018-2019-cu illərdə kompleks islahatlar həyata keçirib ki, bu da onun maliyyə vəziyyətinin möhkəmlənməsinə və idarəetmənin təkmilləşdirilməsinə töhfə verib. 2018-ci ildən 2022-ci ilədək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yükdaşımaların həcmi 34 faiz artaraq 14 milyon tondan 18,7 milyon tona yüksəlib ki, bu həcmin 80 faizindən çoxu beynəlxalq və tranzit daşımaların payına düşüb.

    AİB Asiya və Sakit Okean regionu üçün iqlim bankı kimi, həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim sammitinə sədrliyini dəstəkləyir və ölkənin tədbirə ev sahibliyi etmək imkanlarının yaradılmasına kömək edir.

    Azərbaycan 1999-cu ildə AİB-ə qoşulandan bəri bank nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

    AİB 1966-cı ildə yaradılıb və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir.