ATƏT sədri Kaspşiki Laçına göndərmək istəyir
Buyar Osmani bu barədə X platformasında paylaşım edib
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın XİN başçısı Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçına göndərmək istəyir.
Osmani bu barədə X platformasında (Twitter) paylaşım edib.
"Keçən həftəki telefon danışıqlarımın ardınca mən ATƏT-in fəaliyyətdə olan sədri olaraq şəxsi nümayəndəm Anjey Kaspşikdən xahiş etdim ki, Laçın ərazisinə baş çəksin və mövcud vəziyyətlə bağlı mənə məruzə eləsin", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı aparıb.
Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.