XƏBƏRLƏR / Kriminal

Axtarışda olan şəxs Polşada tutularaq ekstradisiya edilib

Ədliyyə Nazirliyi xəbər verir

Axtarışda olan şəxs Polşada tutularaq ekstradisiya edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

    Ədliyyə Nazirliyindən verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Polşada müəyyən edilən daha bir şəxsin oktyabrın 1-də nazirlik tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib.

    Belə ki, 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Zirəddin Elçin oğlu Rüstəmovun yeri Polşada müəyyən olunub və o, həbs edilib.

    Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Polşanın ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

    Zirəddin Elçin oğlu Rüstəmov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşanın Varşava şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

    Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.