AZAL beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
Bu barədə aviaşirkət xəbər verir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb.
Bu barədə aviaşirkət xəbər verir.
Yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.
2024-cü ilin qış mövsümü ilə müqayisədə 2025-ci ilin qış cədvəlində reyslərin tezliyi aşağıdakı kimi artırılıb:
– Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkənd – hər istiqamət üzrə həftədə 7 reys (ötən il bu istiqamətlər üzrə 3–5 reys olub);
– Almatı, Ciddə və Astana – hər biri üzrə həftədə 5 reys (daha əvvəl bu marşrut üzrə 2–4 reys yerinə yetirilirdi);
– Barselona, London (Qetvik hava limanı) və Ər-Riyad – hər istiqamət üzrə həftədə 4 reys (ötən il 3 reysədək həyata keçirilirdi);
– Bişkek, Düşənbə, Male və Pekin – hər istiqamət üzrə həftədə 3 reys (daha əvvəl bu marşrut üzrə 2 reys icra olunurdu);
– Səmərqənd və Ürgənc – hər biri üzrə həftədə 2 reys (ötən il bu istiqamətlər üzrə uçuşlar yerinə yetirilmirdi).
Yeni cədvəl AZAL-ın dəyişən bazar tələblərinə çevik uyğunlaşan strategiyasını və Azərbaycanın Avropa ilə Asiyanın qovşağında mühüm nəqliyyat və turizm mərkəzi kimi mövqeyini gücləndirmək məqsədini əks etdirir. Reyslərin tezliyinin artırılması Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə transfer istiqamətlərin genişlənməsi, eyni zamanda Bakı hava limanını Qərb və Şərq arasında aparıcı nəqliyyat mərkəzi kimi seçən sərnişinlər üçün əlavə imkanlar yaradır.
Daha çevik uçuş cədvəli səyahət rahatlığını artırır: əlaqəli reyslər optimallaşdırılıb, uçuş və eniş vaxtları sərnişin rahatlığına uyğunlaşdırılıb. AZAL həm istirahət, həm də işgüzar səfərlər üçün üstünlük verilən istiqamətləri inkişaf etdirməyə davam edir və müasir təyyarə parkı ilə rəqabətədavamlı xidmətlər təklif edir.
Aviabiletləri aviaşirkətin rəsmi saytı və mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassaları və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
2 dəqiqə