AZAL-ın qəzaya uğrayan təyyarəsinin istintaqı sona çatmayıb
Bu barədə Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliaqparov xəbər verib
Çoxsaylı insanların ölümünə səbəb olan AZAL Embraer-190 təyyarəsinin qəzası ilə bağlı istintaq hələ başa çatmayıb. Orda.kz xəbər verir ki, hökumət brifinqində nəqliyyat nazirinin müavini Maksat Kaliakparov komissiyanın işinin hazırkı vəziyyəti barədə danışıb.
Jurnalistlərin istintaqın ilin sonuna qədər başa çatıb-çatmayacağı ilə bağlı sualına o, işin hələ də davam etdiyini və mürəkkəb məhkəmə ekspertizalarını əhatə etdiyini bildirib.
"Üç aydan sonra ilkin nəticələr tam şəkildə təqdim edilib. Hazırda daha dərin araşdırma aparılır. Bu, çox mürəkkəb məhkəmə ekspertizalarını, mürəkkəb işləri əhatə edir. Əvvəlki hesabatda olduğu kimi, tamamlandıqdan sonra mediaya tam şəkildə təqdim olunacaq. Hazırda vaxt cədvəli təqdim edə bilmərik. Bu, kifayət qədər ciddi məsələdir, ona görə də hazırda vaxt cədvəli təmin edə bilmərəm, amma nəticələri bu il təqdim edəcəyik", - Kaliakparov deyib.
Xatırladaq ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i ölüb, o cümlədən altısı Qazaxıstan vətəndaşı. Bu faciə Azərbaycan və Rusiya arasında gərginliyə səbəb oldu, çünki təyyarə Rusiya hava məkanında Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub.
1 dəqiqə