XƏBƏRLƏR / Siyasət

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir

YENİLƏNİB

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir
  • Oxuma müddəti:

    15 dəqiqə

  • 15:06

    Noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu çərçivəsində “Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi” mövzusunda müzakirələr aparılıb.

    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən sessiyada son dövrdə baş verən geosiyasi dəyişikliklərin Cənubi Qafqaz və qonşu regionlarda qüvvələr balansına təsiri təhlil olunub. Həmçinin Vaşinqton sammitinin nəticələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirləri müzakirə edilib.

    Sessiyada çıxış edən “New Lines Institute”nun Analitik İnkişaf və Təlim üzrə baş direktoru Eugene Çausovski bildirib ki, geosiyasi kontekstdən başlamaq zəruridir, çünki Azərbaycan-Ermənistan sülh prosesində yalnız regional deyil, həm də qlobal güclər maraqlıdır. Cənubi Qafqazın strateji əhəmiyyəti son illərdə daha da artıb və bu prosesdə Azərbaycan aparıcı aktorlardan birinə çevrilib. Regionda baş verən dəyişikliklər, xüsusilə də müharibədən sonra yaranmış yeni reallıqlar sülh prosesinin istiqamətini müəyyən edən əsas amillərdir.

    O qeyd edib ki, “Tramp marşrutu” (Zəngəzur dəhlizi) və enerji sahəsinin inkişafı Tramp administrasiyası tərəfindən dəstəklənən vacib təşəbbüslərdən biridir. Bu, yalnız iqtisadi əməkdaşlığı genişləndirmir, eyni zamanda, Avrasiyada enerji təhlükəsizliyini gücləndirən strateji bir layihədir. Azərbaycan bu marşrutun əsas hissəsi olmaqla region ölkələri arasında logistik əməkdaşlığın mərkəzi rolunu oynayır. Enerji resurslarının şaxələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

    “Təhlükəsizlik məsələləri hələlik digər sahələr qədər dinamik olmasa da, davamlı sülhün təmin edilməsi bu istiqamətdə irəliləyiş üçün əsas şərtdir. Sülh bərqərar olduqda iqtisadi əlaqələr dərinləşəcək, ticarət axınları genişlənəcək və region ölkələrinin bir-biri ilə əməkdaşlıq imkanları daha real olacaq. Bu prosesdən hər iki ölkə qazandığı kimi, regionun digər dövlətləri də fayda əldə edəcək. Azərbaycan isə bu çərçivədə xüsusi rola malikdir. Ölkə həm enerji, həm nəqliyyat, həm də diplomatik sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”, - deyə baş direktor vurğulayıb.

    Atlantik Şuranın qeyri-rezident baş elmi işçisi və geosiyasi analitik Rich Outzenin fikrincə, ABŞ Prezidenti Donald Trampın qısa müddətdə əldə etdiyi nəticələr olduqca unikaldır. Onun fərqli yanaşması, sistemdənkənar qərarvermə üslubu və nizamlanmış güc balansına əsaslanan praqmatizmi regional səviyyədə real dəyişikliklər yaradıb və bu gün söhbət etdiyimiz proseslərə təkan verir.

    Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinin təəccüblü olmadığını vurğulayan Rich Outzen əlavə edib: “Çünki Azərbaycan regionun sabitliyi üçün mühüm rol oynayıb. Azərbaycan və Ermənistan arasındakı sülh prosesi isə düşünürəm ki, daha sürətlə irəliləyəcək. Buna səbəb Tramp administrasiyasının bu məsələlərə yanaşmasının əvvəlki ABŞ hökumətlərindən müəyyən qədər fərqlənməsidir. Administrasiya daha çox praqmatik və balanslaşdırılmış mövqe ortaya qoyur, region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini prioritet kimi qəbul edir. Vaşinqton sammitinin keçirilməsi də bu yanaşmanın məntiqi davamı idi və Azərbaycan-Ermənistan münasibətlərində mühüm bir mərhələnin, yəni, danışıqların kulminasiya nöqtəsinin göstəricisi sayılır. Bu, uzun illər aparılan diplomatik səylərin nəticəsi kimi qiymətləndirilə bilər”.

    Mərkəzi Asiya-Qafqaz İnstitutunun (CACI) Avrasiya üzrə baş elmi işçisi Con DiPirro deyib ki, hazırda bir çox mühüm geosiyasi dəyişikliklərin baş verdiyini görürük. Cənubi Qafqaz Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır. O, həmçinin qeyd edib: “Sabit və təsirli bir Cənubi Qafqaz ABŞ-ın marağındadır. Mən bu bölgəni bir növ arxitektura kimi dəyərləndirirəm. ABŞ, Avropa və digər tərəfdaşlar üçün Orta Dəhlizin tam reallaşması üçün belə bir regional arxitektura zəruridir. Əgər prosesi təhlil etsək görərik ki, belə bir arxitekturanın formalaşması və davamlı olması üçün əvvəlcə TRIPP marşrutu inkişaf etdirilməlidir. Bu marşrutun inkişafı isə Ermənistanda siyasi davamlılıq tələb edir”.

    ADA Universitetinin Tədris işləri üzrə prorektorunun müşaviri, dosent Anar Vəliyevin sözlərinə görə, Azərbaycanın Orta Dəhlizin mərkəzində yerləşməsi ölkəyə regional logistika və iqtisadi layihələrdə daha fəal iştirak imkanı yaradır. Bununla yanaşı, bölgədəki siyasi proseslər və davam edən münaqişələrin nəticələri gələcək planlara təsir göstərə biləcək amillər olaraq qalır.

    Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov isə deyib ki, yeni dünyamızda əvvəlki yanaşmalar artıq səmərəli olmur, çünki qlobal reallıqlar və geosiyasi çağırışlar yeni strategiyalar və fərqli baxışlar tələb edir. Keçmişin modelləri bu günün dinamik və mürəkkəb dünyasında işləməyəcək. Bu baxımdan, Vaşinqton sammiti xüsusi əhəmiyyət kəsb edir. O, özlüyündə böyük bir uğurun və irəliləyişin nümunəsi kimi qiymətləndirilə bilər.

    M.Muradov qeyd edib ki, sammit Azərbaycan, Ermənistan və ABŞ olmaqla hər üç ölkə üçün strateji fürsətlər yaradıb. “Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından sonra regionda sabitlik təmin ediləcək və bunun nəticəsində hər iki ölkəyə xarici investorların daha geniş şəkildə cəlb edilməsi mümkün olacaq. Artıq həyata keçirilə biləcək real layihələr mövcuddur və bu layihələr iqtisadi əməkdaşlığı genişləndirmək, infrastrukturun inkişafını sürətləndirmək və regional inteqrasiyanı gücləndirmək potensialına malikdir”, - deyə o vurğulayıb.

    Sessiya işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

    ***

    11:53

    Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.

    Açılışda Fərid Şəfiyev çıxış edərək forumun əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 avqust görüşü Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. Son 30 il ərzində əməkdaşlığımız əsasən enerji sektorunda olub, lakin hazırda digər sahələrdə də tərəfdaşlıq üçün geniş perspektivlər mövcuddur.

    ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, - deyə H.Paşayev vurğulayıb.

    Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin Baş direktoru Con Herbst bildirib ki, ilk Azərbaycan-ABŞ Forumunun keçirilməsi gələcəkdə genişlənən əməkdaşlığa, Bakı-Vaşinqton qarşılıqlı işbirliyinə töhfə verəcək. Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə müxtəlif formatlarda sıx əməkdaşlıq edəcəyik ki, belə forumlar gələcəkdə də keçirilsin. “Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb”, - deyə Con Herbst əlavə edib.

    Sessiyada “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ-Azərbaycan əlaqələrinə təsiri” mövzusu müzakirə olunub.

    Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokhari Cənubi Qafqazda güclər balansının ciddi şəkildə dəyişdiyinə diqqət çəkib: “Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir”.

    O qeyd edib ki, Azərbaycanla Naxçıvanı birləşdirən Ermənistandan keçməsi nəzərdə tutulan dəhliz də bu baxımdan strateji əhəmiyyət daşıyır. Müharibədən dərhal sonra iki dövlət arasında əldə edilən razılaşmalarda da bu məsələ xüsusi müzakirə olunub. “Tramp administrasiyası da bu marşruta xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb–Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir”, - deyə Kamran Bokhari vurğulayıb.

    O, Azərbaycanın regionda söz sahibi olan bir aktora çevrildiyinə diqqət çəkərək deyib: “Şimal və Cənub qonşularının strateji çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın xüsusilə vasitəçilik sahəsində mühüm rol oynadığını görürük. Çünki ətraf ölkələr müharibələr və müxtəlif geosiyasi çaxnaşmalardan əziyyət çəkir. Azərbaycanın ətrafında proseslər sürətlə dəyişir və bu vəziyyət ölkə üçün yeni imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan bu imkanlardan uğurla istifadə edir”.

    Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, ABŞ-ın Xəzər regionuna artan marağı müşahidə edilir. Vaşinqton sənədlərinin imzalanması ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi olub. “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanda iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər. Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov isə ABŞ-ın sabiq Prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib: “Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi. Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Bayden administrasiyası həmin dövrdə birtərəfli və qərəzli yanaşma nümayiş etdirdi. Bu yanaşma Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gərginləşməsinə səbəb oldu və erməni lobbisinin təsiri ABŞ-ın mövqeyini xeyli uğursuzlaşdırdı”.

    F.Məmmədov Donald Trampın ABŞ-da prezident seçilməsinin Ermənistan hakimiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. O, Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını qeyd edərək deyib: “Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Ermənistan və Azərbaycan bu formatı yeganə müzakirə platforması kimi qəbul edir. Həmin görüşdən sonra sülh müqaviləsinin hazırlanması istiqamətində konkret addımlar atılıb”.

    Sessiya müzakirələrlə davam edib.

    ***

    10:32

    Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.

    “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalar təşkil ediləcək.

    Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyin mərkəzləri və Atlantik Şurası, Yeni Xəttlər İnstitutu, Hudson İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və "The National Interest" jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərinin mütəxəssisləri iştirak edirlər.

    Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistan və Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələr aparılacaq.

    İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyada davamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiş təşəbbüsləri müzakirə edəcəklər.