Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb
Agentliyinin sədri Zaur Mikayılov təyin edilib
Prezident İlham Əliyev Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlər Kabineti beş ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, eyni zamanda, Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazilər Kabineti bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etməli, bu Fərmanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətlərini davam etdirəcəklər.