Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub

2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24 611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 249 500 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
***
Cari ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63698 doğulan körpə qeydə alınıb.
Bildirlib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,3-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2152-si əkiz, 78-i isə üçəm olub.
***
Bu ilin yanvar-avqust aylarında ölkədə 39951 ölüm halı qeydə alınıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 5,9-a qədər artıb.
***
2025-ci il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5375,8 min nəfər olmuş, onlardan 5096,5 min nəfərini məşğul əhali təşkil edib.
Qeyd edilib ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 855,3 min nəfər, qeyri-dövlət sektorunda isə 909,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1733,7 min nəfər çalışıb.